Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin doğum günüdür.
KONKRET.az xəbər verir ki, milli mətbuatın təməlini qoyan Həsən bəy Zərdabinin anadan olmasından 189 il ötür. O, təkcə ilk Azərbaycan dilli qəzetin yaradıcısı deyil, həm də maarifçilik hərəkatının, milli teatrın və xeyriyyəçilik ənənələrinin formalaşmasında mühüm rol oynayan şəxsiyyətlərdən biri kimi tarixdə iz qoyub.
Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada aldıqdan sonra təhsilini Tiflisdə davam etdirib, daha sonra Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildən Bakıda müəllimlik fəaliyyəti ilə məşğul olub.
1873-cü ildə Mirzə Fətəli Axundzadənin əsərlərinin səhnələşdirilməsində iştirak edərək Azərbaycan milli teatrının inkişafına da töhfə verib.
1875-ci il iyulun 22-də onun redaktorluğu ilə Azərbaycanın ilk milli qəzeti olan Əkinçi qəzeti nəşrə başlayıb. Qəzet cəmi iki il fəaliyyət göstərsə də, milli mətbuat tarixində yeni bir mərhələnin əsasını qoyub.
Həsən bəy Zərdabi sonrakı illərdə müxtəlif qəzetlərdə elmi-publisistik məqalələrlə çıxış edib, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasına dəstək göstərib. O, 1907-ci il noyabrın 28-də vəfat edib. İlk olaraq Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunan maarifçinin məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
