Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı iki tələbdən ibarət sülh planını səsləndirib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenskinin tələbi rus qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasıdır.
Eləcə də bütün dövlət sərhədinə və Kerç boğazı da daxil olmaqla Qara və Azov dənizlərindəki müstəsna iqtisadi zonaya nəzarətin Kiyevə tam qaytarılması da tələblərə daxildir. Zelenski bildirib ki, yalnız bu iki bəndin həyata keçirilməsi döyüş əməliyyatlarının vicdanlı, etibarlı və tam dayandırılması ilə nəticələnəcək.
Ukrayna lideri, həmçinin, ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək planını açıqlamağa çağırıb. Zelenski xatırladıb ki, ABŞ-da seçkilərə hələ bir ildən çox vaxt qalıb. Onun fikrincə, Tramp planının təfərrüatlarını bölüşməklə vaxt itirməməlidir: “Əvvəla, onun ideyasının təfərrüatlarının nədən ibarət olduğunu, niyə paylaşmadığını və nəyi gözlədiyini başa düşmürəm”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenskinin fikrincə, əgər keçmiş Amerika prezidentinin təklifləri Rusiya qoşunlarının çıxarılmasını nəzərdə tutmursa, itirilmiş ərazilərin Rusiya ərazisi kimi tanınmasından ibarətdirsə, bu, sülhün düsturu deyil.
Vəli Həsənov,
KONKRET.az