80 yaşlı xizək sürən alman qadını, tibbə məlum olmayan patologiyalar və həyat eşqi ölən insanın mental dəyərləribackend

80 yaşlı xizək sürən alman qadını, tibbə məlum olmayan patologiyalar və həyat eşqi ölən insanın mental dəyərləri

Əli Məhərrəmli

İdman malları mağazasında 80-85 yaşlarında alman qadın özünə xizək aksessuarları alırdı. Düzünü desəm, qoca nənələrə söz atmaq kimi xasiyyətim yoxdur. Amma bir suyu rəhmətlik nənəmə oxşadığı üçün soruşdum ki, bunları neynirsiniz? Axı indi yaydır! Dedi ki, gələn qış rəfiqələri ilə Alp dağlarında ahıllar arasında keçiriləcək çempionata qatılacaq. İstədim deyəm, zalımın qızı, sənin tay – tuşların qara furqondan, nə bilim kuzovundan üçün-dördə xalça asılmış “Qaz 53”-dən boylanır, sən hələ xizək dərdindəsən?! İngiliscə və almanca “zalımın qızı” sözlərini bilmədiyim üçün deyə bilmədim. Bu daha bilmir ki, bizdə 30 yaşlı adama deyirsən, sabah filan yerdə görüşək sənə konkret cavab vermir ki, bəlkə heç sabaha salamat çıxmadıq. Bu, 85 yaşında çempionat eşqinə düşür. Vallah, belə görürəm qabağına ürəyincə kişi çıxsa, acığa düşüb bir qarın doğar da!

Camaatın qonşuluğuna Rusiyanın sinxron üzgüçülük komandası düşəndə mənim də bəxtimə 3 il əvvəl Misirdə yaşlı bir ingilis qadın düşmüşdü. Səhərlər hovuzda üzür, bütün günü isə kitab oxuyurdu. Hirsimdən az qalırdım, ayağından dartıb hovuzda boğub öldürəm onu. Ay qadanız alım, bunlar niyə gedib adam balası kimi ayaqlarını uzadıb ölmürlər? Ya da gəlinlə saçyoldusuna çıxmırlar, kürəkəni gözümçıxdıya salmırlar, nə bilim heç olmazsa, elti-baldız razborkalarında hakimlik eləmirlər? Bu, nə həyatdır, yaşayırlar!? Qonşuluğumuzdakı 60 yaşlı qadının halını xəbər ala bilmirəm. Zarıldayır ki, nətəri olasıyam? Ölürəm! Və başlayır sənə tibbə məlum olmayan patalogiyalar sadalamağa. Adam 20 ildir hər gün ölür, ölüb qurtara bilmir…
İnanın mənə, içi özüm qarışıq biz həyat eşqi çox aşağı olan millətik. Görünən qədər məsələnin ciddi sosial və mental səbəbləri var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*