ABŞ Çinlə müharibənin təliminə başladı: “Balikatan” hərbi təlimlərinin məqsədibackend

ABŞ Çinlə müharibənin təliminə başladı: "Balikatan" hərbi təlimlərinin məqsədi

Birləşmiş Ştatlar və Filippin son üç onilliyin ən böyük hərbi təlimi olan “Balikatan 2024” illik hərbi təliminə başlayıb. Bu il təlimlər Manila və Pekin arasında ərazi mübahisəsi bölgəsində keçirilir. Təlim mayın 10-dək davam edəcək.

KONKRET.az xəbər verir ki, “Balikatan” birgə təliminin məqsədi iki ölkəni bir-birinə daha da yaxınlaşdırmaqdır. Filippin Hərbi Komandanlığının sözçüsü və “Balikatan 2024”-ün sözçüsü Maykl Loqikonun dediyi kimi: “Məqsədimiz həqiqətən müharibəyə hazırlaşmaqdır”. “Çiyin-çiyinə” mənasını verən “Balikatan” məşqi silahlı münaqişənin real şərtlərinə mümkün qədər yaxın olan birgə hərəkətlərin həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.

Təlimlərdə Filippin, ABŞ, Avstraliya və Fransa hərbçiləri iştirak edir. Manevrlərdə öz təcrübələrini bölüşən müşahidəçilər Asiya və Avropadan 14 ölkənin nümayəndələridir.

ABŞ-ı 11 min Amerika əsgəri təmsil edəcək. Filippindən təxminən beş min əsgərin iştirakı nəzərdə tutulur.

Təlimlər zamanı HIMARS reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə iki adanın tutulması və canlı atışların aparılması planlaşdırılır. SSM-700K C-Star gəmi əleyhinə raket kompleksi və ABŞ Hərbi Hava Qüvvələri ilə birgə əməliyyatlar da həyata keçiriləcək.

Manevrlərin iştirakçıları informasiya müharibəsi taktikasını da tətbiq edəcəklər. Onlar həmçinin dəniz təhlükəsizliyinin və hərtərəfli hava hücumundan müdafiə üsullarının işlənib hazırlanmasına diqqət yetirəcəklər.

Qeyd edək ki, Manila və Pekin arasında münasibətlər mürəkkəbdir. Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdezin sözlərinə görə, iki ölkə arasında münaqişə kulminasiya nöqtəsinə çatır. Filippin Çinin Cənubi Çin dənizindəki fəaliyyətindən narazılığını bildirib və ABŞ-la müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.

Xatırladaq ki, ABŞ, Yaponiya və Filippin liderləri üçtərəfli sammit keçirib. ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşdən sonra verilən bəyanatda qeyd olunub ki, üç ölkə “dinc və açıq” Hind-Sakit okean regionunu dəstəkləməyə söz verib. Onlar bunu QUAD (Avstraliya, ABŞ, Hindistan və Yaponiya daxildir) və AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ daxildir) müdafiə və strateji ittifaqlarının köməyi ilə həyata keçirəcəklər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*