ABŞ-da Prezidentdən mükafat alan 10 yaşlı azərbaycanlı – FOTOLARbackend

ABŞ-da Prezidentdən mükafat alan 10 yaşlı azərbaycanlı - FOTOLAR

ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb.

KONKRET.az-ın məlumatına görə, Maqsudun anası Nigar Pənahova Azərtac-a müsahibəsində danışıb ki, Maqsud hələ Bakıda olarkən məktəbə getməyə başlayıb. Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.

Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Süleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.

Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.

Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzu edir.

 

  • Bəhruz Seyidəhmədli
    Avqust 1, 2020 - 14:39

    Salam. Maraqlı və qürurverici məlumata görə təşəkkür edirəm. Lakin artıq neçənci dəfədir ki, yazılarınızda bir neçə abzası eyni mətndə təkrar verirsiniz. Burada da son 3 abzas təkrar gedib.

    • Fadil Paşayev
      Avqust 1, 2020 - 15:50

      Diqqətli oxucumuza təşəkkür edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*