ABŞ-ın Kaliforniya ştatında Rusiya hakimiyyətinin maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən 25 yaşlı Rusiya vətəndaşı İqor Dyu həbs edilib. O, Ukraynaya müharibədə texnoloji dəstək göstərən Amerika şirkətinin əməkdaşlarını izləməkdə ittiham olunur. BBC-nin texnologiya sahəsindəki mənbəsi nəzarətin hədəfinin məhz Palantir Technologies şirkəti olduğunu təsdiqləyib.
Amerika prokurorluğunun versiyasına görə, Dyu Rusiya dövlətinin maraqları naminə hərəkət edib. Ona xarici dövlətin agenti kimi ABŞ hakimiyyət orqanlarını məlumatlandırmadan fəaliyyət göstərmək, cinayət törətmək məqsədilə sövdələşməyə girmək, insanları təqib etmək və sənədləri saxtalaşdırmaq ittihamları irəli sürülüb. İttiham sənədlərində şirkətin adı açıqlanmasa da, BBC-nin mənbəsi hədəfin Palantir olduğunu bildirib.
Dyu oktyabrın 30-da saxlanılıb. Noyabrın 2-də federal məhkəmə qarşısına çıxarılıb və həmin vaxtdan həbsdə saxlanılır.
Onun ABŞ-da olması və həbs edilməsi barədə anası Yelena BBC müxbirindən xəbər tutub. O, xəbəri eşidəndə təəccübünü gizlədə bilməyib: “Amerikada? Həbs olunub? Aman Allah!”
Palantir əməkdaşlarına nəzarət: İstintaqın irəli sürdüyü versiya
Amerika istintaqının məlumatına görə, İqor Dyu Telegram vasitəsilə işə cəlb edilib. 2026-cı ilin iyununda o, İstanbuldan Mexiko şəhərinə uçub, daha sonra isə ABŞ sərhədini qanunsuz keçib. Bundan sonra messencer vasitəsilə ona tapşırıqlar verilib və pul köçürülüb.
İstintaq iddia edir ki, kuratorlarının göstərişi ilə Dyu kompüterlər, mobil telefonlar və simsiz şəbəkəyə qoşulmaq üçün avadanlıqlar alıb. O, Kaliforniyanın Palo-Alto şəhərində yerləşən şirkət ofisinin yaxınlığındakı kafeyə gedərək əməkdaşların noutbuk ekranlarının fotolarını çəkib.
Ona, həmçinin noutbukunu müəyyən yerlərdə qoymaq tapşırılıb. İstintaqın ehtimalına görə, kuratorlar həmin cihazlara məsafədən qoşularaq şirkətin əməkdaşları barədə məlumat toplamağı planlaşdırıblar.
İttiham aktında bildirilir ki, Dyu ayrı-ayrı Palantir əməkdaşlarını, eləcə də onların yaşadıqları ünvanları izləyib.
Sentyabrın 3-də o, şirkətin qadın əməkdaşlarından birinin avtomobilini təxminən 50 kilometr məsafədə izləyib. Qadın polisə müraciət etdikdən sonra Dyu gözdən itib. Sonradan hüquq-mühafizə orqanları onun Palantirin digər əməkdaşlarının avtomobillərini də izlədiyini müəyyənləşdirib.
Müstəntiqlər Hugo Landry Johns adına hazırlanmış saxta sənədlərlə göndərilən iki beynəlxalq bağlamanı da ələ keçiriblər. Bağlamalarda İqor Dyunun fotosu yerləşdirilmiş Kaliforniya şəxsiyyət vəsiqəsi və ABŞ pasportu olub.
Dyunun evində aparılan axtarış zamanı Rusiya pasportları – həm daxili, həm də xarici pasportlar, şirkət əməkdaşlarının ünvanları yazılmış bloknot və onlardan ən azı üçü barədə ətraflı dosyelər aşkarlanıb. Həmin dosyelərdə əməkdaşların ailə üzvləri, təhsili, iş yerləri, eləcə də güclü və zəif tərəfləri barədə qeydlər yer alıb.
BBC-nin texnologiya sahəsindəki mənbəsi nəzarətin hədəfinin Palantir olduğunu təsdiqləyib. Mənbənin sözlərinə görə, şirkətin daxili sistemlərinə daxil olmaq mümkün olmayıb. Adının açıqlanmasını istəməyən həmsöhbət bildirib ki, Rusiya Palantirin Ukraynaya dəstəyinə görə şirkətin məxfi məlumatlarını əldə etməyə getdikcə daha çox cəhd göstərir.
Palantir şirkəti isə Dyunun işi ilə bağlı rəsmi açıqlama verməyib.
İqor Dyu təqsirli bilinərsə, ABŞ hakimiyyət orqanlarını məlumatlandırmadan xarici dövlətin agenti kimi fəaliyyət göstərdiyinə görə 10 ilədək, cinayət törətmək məqsədilə sövdələşmə və təqib ittihamlarının hər biri üzrə 5 ilədək, sənədləri saxtalaşdırmağa görə isə 1 ilədək həbs cəzası ala bilər. Son qərarı məhkəmə verəcək.
Anasına mühafizəçi işlədiyini deyib: İqor Dyu kimdir?
İqor Dyunun 25 yaşı var. O, Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində anadan olub.
Dyu əvvəllər Qolodnyuk soyadını daşıyıb. Soyadını dəyişdirdiyini BBC-yə anası Yelena da təsdiqləyib. Onun əvvəlki soyadı Amerika məhkəmə sənədlərində də qeyd olunub.
Yelenanın sözlərinə görə, oğlu təxminən bir il əvvəl Kamçatkadan gedib. Anasına mühafizəçi işləmək, pul qazanmaq və səyahət etmək istədiyini, daha sonra isə geri qayıdacağını deyib. Onlar WhatsApp vasitəsilə əlaqə saxlasalar da, İqor sonradan telefon nömrələrini dəyişib və harada yaşadığını ailəsindən gizlədib.
Yelena bildirib ki, oğlu evli olmayıb, lakin Kamçatkada bir qızı var. İqorun sosial şəbəkə hesablarında idman zalında çəkilmiş çoxsaylı fotolar yerləşdirilib. Anası onu zəhmətkeş, idmana maraq göstərən insan kimi xarakterizə edib və hüquq təhsili aldığını söyləyib.
Bacısı Anastasiya da İqorun hüquqşünas olmaq üçün təhsil aldığını və müxtəlif kurslarda iştirak etdiyini təsdiqləyib. Lakin onun diplom alıb-almadığını bilmir. BBC isə Dyunun ABŞ-a köçməzdən əvvəl hüquq təhsili almasını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Anastasiyanın sözlərinə görə, İqor təxminən beş yaşında olarkən ailə Milkovo qəsəbəsinə köçüb. Yetkinlik yaşına çatdıqdan sonra isə o, Petropavlovsk-Kamçatskiyə qayıdıb.
Bacısına Kamçatkada sürücü işlədiyini deyən İqorun konkret harada çalışdığı məlum deyil. Anastasiya onun hərbi xidmətdə olmadığını da bildirib.
Qardaşının həbsindən Anastasiya xəbər saytları vasitəsilə məlumat alıb. O, İqorun Meksika və ABŞ-da olduğunu bilsə də, qardaşı gördüyü iş barədə ona, demək olar ki, heç nə danışmayıb. Bacısının sözlərinə görə, onlar xüsusilə yaxın münasibətdə olmayıblar.
“O, heç vaxt nə ilə məşğul olduğunu, nə iş gördüyünü danışmırdı”, – Anastasiya bildirib.
Onun sözlərinə görə, qardaşı ilə əlaqə saxlamaq getdikcə çətinləşib: İqor telefon nömrələrini dəyişib, sonradan isə ümumiyyətlə əlaqəyə çıxmayıb.
Şərti cəza, oğurluq və məhkəmə işləri: Dyunun Rusiyadakı keçmişi
İqor Dyunun Rusiyada da qanunla problemləri olub. O, əvvəlki soyadı Qolodnyukla bir neçə dəfə məhkəmə qarşısına çıxarılıb.
2017-ci ildə, 17 yaşında olarkən tanışının birotaqlı mənzilini qarət etdiyinə görə iki il altı ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə qərarından məlum olur ki, həmin vaxt o, bir qrup şəxslə mənzildə spirtli içki qəbul edib. Daha sonra Dyu və onun içki məclisində iştirak edənlərdən biri ev sahibinin gözü qarşısında mənzildəki əşyaları – televizordan tutmuş yataq dəstinə və gödəkçəyə qədər – taksiyə yükləyərək aparıblar.
Məhkəmə sənədlərinə əsasən, Dyu hələ 2011-ci ildə narkoloji qeydiyyata götürülüb. 2012-ci ildə isə Primorsk diyarının Ussuriysk şəhərindəki xüsusi qapalı təhsil müəssisəsinə dörd il müddətinə yerləşdirilib. Belə müəssisələrə qanun pozuntusu törətmiş və ya ictimai təhlükəli əməl etmiş yeniyetmələr göndərilir.
2014-cü ildə Dyu bir qrup yeniyetmə ilə birlikdə müəssisəni özbaşına tərk edib. Bundan sonra Ussuriysk polisi onları axtarıb.
Mənzil qarət edilən zaman Dyu adi məktəbdə təhsil alır və artıq narkoloji qeydiyyatdan çıxarılmışdı. Məktəbin verdiyi xasiyyətnamədə onun ingilis dilinə maraq göstərdiyi qeyd olunurdu.
Sonradan məhkumluğu vaxtından əvvəl götürülüb. Məhkəmə sənədlərinə görə, həmin dövrdə o, elektron hesablama və hesablama maşınları operatoru ixtisasına yiyələnib, sürücülük peşəsini öyrənib və könüllü fəaliyyətində iştirak edib. «Dobro.rf» federal portalında onun 2019-cu ildə yerli administrasiyanın təşkil etdiyi marafonda könüllü kimi qeydiyyatdan keçdiyi göstərilir.
2020-ci ildə Dyu yenidən cinayət işi üzrə təqsirləndirilən şəxsə çevrilib. Həmin vaxt o, onuncu sinifdə oxuyur, əlavə olaraq kafedə mühafizəçi işləyirmiş. İttihama görə, kafedə bir müştəri ona telefon verərək sahibinə çatdırmağı xahiş edib, lakin Dyu telefonu mənimsəyib. İş məhkəməyə göndərilsə də, zərərçəkmiş tərəfin müraciəti əsasında tərəflərin barışması səbəbindən icraata xitam verilib.
2023-cü ildə Dyu poçt və internet vasitəsilə pərakəndə ticarət sahəsində fəaliyyət göstərmək üçün fərdi sahibkar kimi qeydiyyata alınıb. 2024-cü ildə isə sahibkarlıq fəaliyyətini dayandırıb.
2026-cı ilin oktyabrında “Maks” şirkəti əmlak sığortası ilə bağlı mübahisə üzrə Petropavlovsk-Kamçatski şəhər məhkəməsində ona qarşı iddia qaldırıb. İşə baxılması noyabrın 25-nə təyin edilib. Dyu, həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı başqa bir işdə üçüncü şəxs qismində göstərilib.
Anastasiya bildirir ki, qardaşı özü haqqında az danışır, əsasən onun həyatı ilə maraqlanırmış. Bacısı hesab edir ki, İqor yaxınlarının narahat olmasını istəməyib.
“O deyirdi ki, Kamçatkaya qayıdanda hər şeyi – harada olduğunu, nə etdiyini və necə yaşadığını danışacaq”, – Anastasiya xatırlayır.
BBC-nin Maks Mats və Sergey Qoryaşkonun, eləcə də araşdırma şöbəsinin materialı əsasında.
Natiq Səlim,
KONKRET.az
