Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edən və iki istirahət günü nəzərdə tutan qərar dərc edib.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Yeni qaydalar həftədə iki istirahət gününə keçidi nəzərdə tutur. Bu qərar həmkarlar ittifaqlarının, deputatların və ictimaiyyətin dəstəklədiyi genişmiqyaslı kampaniyanın nəticəsi olub.
Dəyişikliklər mərhələli şəkildə tətbiq ediləcək. Dekabrın 6-dan etibarən iş həftəsi 44 saatdan 42 saata endiriləcək, 2027-ci ilin dekabrına qədər isə 40 saata çatdırılacaq.
Əmək naziri Luis Marinyo xüsusi olaraq vurğulayıb ki, islahatlar işçilərin əməkhaqlarının azaldılmasına və mövcud əlavələrin ixtisarına səbəb olmayacaq.
Bu təşəbbüs Braziliyanı Latın Amerikasındakı qonşu ölkələrdən fərqləndirir. Belə ki, regionun bir çox dövlətində iş həftəsi hələ də 48 saat təşkil edir. 40 saatlıq iş qrafikinə keçid isə yalnız Ekvador, Venesuela və Uruqvayda həyata keçirilib.
