“Rusiya qazını İran qazı ilə əvəz etmək göründüyü qədər asan deyil, çünki qaz kəmərinin həcmini Rusiyanın təmin etdiyi səviyyəyə çatdırmaq üçün ötürmə qabiliyyəti problemi var”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan bildirib.
“Bu, İranın tədarükündən yeddi dəfə çoxdur. İran qaz tədarükünü artırmağa hazır olsa belə, o zaman hansı qiymətə bunu edəcək? Azərbaycandan qaz alsaq, təbii ki, bunun müqabilində Bakı müxtəlif tələblər irəli sürəcək. Rusiya ilə əməkdaşlıqda nüvə enerjisi sahəsində addımların atılması da təhlükəlidir”, – eks-nazir qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Rusiya üçün öz rolunu həddən artıq yüksək qiymətləndirir, bunu iqtisadi göstəricilər də sübut edir. Aramyan izah edib ki, Rusiyanın Qazaxıstan, Türkiyə və Gürcüstan şəklində başqa məqbul alternativləri var. Onun sözlərinə görə, Ermənistanın proporsional alternativi yoxdur.
“Rusiya ilə münasibətlərin pisləşməsi işsizlik və ağır sosial vəziyyət deməkdir. Hazırda Ermənistanda aşağı və orta gəlirli insanlar 2018-ci ildən daha pis yaşayırlar. Əgər insanlar qaz əvəzinə oduna ümid edirlərsə, bu o deməkdir ki, sənaye və kənd təsərrüfatında problemlər daha da pisləşəcək”, – deyə eks-məmur qeyd edib. “Hakimiyyətdən soruşmaq lazımdır ki, Rusiya ilə neft sənayesi sahəsində əməkdaşlığı nə ilə əvəz edəcək?”.
O bildirib ki, Rusiya ilə qarşıdurma səviyyəsinin artması Ermənistana turist axınına da mənfi təsir göstərəcək. “Biz Rusiya ilə də çox sıx bağlıyıq. Bəs Rusiya məhdudiyyətlər tətbiq etsə, Ermənistan hakimiyyəti nə edəcək?
Qərb bütün bu itkiləri kompensasiya edə biləcək vədlər veribmi? Məsələn, Gürcüstana belə dəstək verilib. Ermənistan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üçün ərizə vermək mümkünlüyü barədə bəyanatına gəlincə, bu, vaxt və ciddi səy tələb edir, Avropa bazarına çıxmaq çox çətindir, ciddi xərclər tələb edir. Hakimiyyət əsaslandırılmış qərarlar qəbul etməlidir”, – deyə Aramyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
