Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.
Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.
İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı bu gün həm iqtisadiyyatın, həm də dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Rəqəmsallaşmanın sürətlənməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi və elektron xidmətlərə artan tələbat Azərbaycanda da bu sahəyə marağı artırıb. Ekspertlər hesab edir ki, İKT sektorunun inkişafı yalnız texnoloji yenilik deyil, eyni zamanda iqtisadi dayanıqlılıq, şəffaf idarəetmə və yeni iş yerlərinin yaradılması baxımından da strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, dünyada rəqəmsal transformasiya artıq seçim deyil, zərurətə çevrilib:

“Bu gün inkişaf etmiş ölkələrin iqtisadi modelinə baxdıqda görürük ki, əsas gəlir mənbələrindən biri texnologiya sektorudur. Azərbaycanda da informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirilib. Son illərdə elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal ödəniş sistemlərinin inkişafı və internet infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb”.
Ekspert qeyd edib ki, rəqəmsal savadlılığın artırılması əsas məsələlərdən biridir:
“Texnologiyanın inkişafı üçün yalnız texniki infrastruktur kifayət etmir. İnsan kapitalının formalaşdırılması çox vacibdir. Məktəblərdə, universitetlərdə və peşə təhsili müəssisələrində İKT üzrə biliklərin artırılması gələcək üçün əsas baza rolunu oynayır. Xüsusilə proqramlaşdırma, kibertəhlükəsizlik və süni intellekt sahəsində yerli mütəxəssislərin hazırlanmasına ehtiyac var”.
Elvin Abbasovun sözlərinə görə, bölgələrdə internetə çıxış imkanlarının genişləndirilməsi də diqqət mərkəzində olmalıdır:
“Paytaxtla regionlar arasında rəqəmsal fərqin minimuma endirilməsi vacibdir. Hazırda bəzi kənd və ucqar ərazilərdə internet keyfiyyəti və sürəti ilə bağlı problemlər qalır. Halbuki müasir dövrdə internet artıq lüks deyil, əsas ehtiyacdır. Təhsil, biznes, bankçılıq və dövlət xidmətlərinin böyük hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir”.
AİKTSA sədri əlavə edib ki, startap ekosisteminin gücləndirilməsi də İKT sektorunun inkişafında mühüm rol oynayır:
“Azərbaycanda gənclərin innovativ ideyaları kifayət qədərdir. Lakin onların maliyyələşməsi, beynəlxalq bazara çıxışı və texnoloji dəstəklə təmin olunması üçün əlavə mexanizmlərə ehtiyac var. Dövlət və özəl sektor əməkdaşlığı bu istiqamətdə daha da genişləndirilməlidir”.
Ekspert hesab edir ki, yaxın illərdə süni intellekt və avtomatlaşdırma texnologiyalarının tətbiqi bir çox sahədə ciddi dəyişikliklər yaradacaq:
“Artıq bank sektorunda, səhiyyədə, logistika və təhsildə süni intellekt həllərindən istifadə genişlənir. Bu dəyişikliklər məhsuldarlığı artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və vaxt itkisinin qarşısını alacaq. Azərbaycan da bu prosesdən geri qalmamalıdır”.
Mütəxəssis vurğulayıb ki, kibertəhlükəsizlik məsələləri də paralel şəkildə gücləndirilməlidir:
“Rəqəmsallaşma artdıqca kibertəhdidlər də çoxalır. Dövlət qurumları, şirkətlər və vətəndaşlar məlumat təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıdır. Bu istiqamətdə həm qanunvericilik bazası, həm də texniki müdafiə sistemləri daim yenilənməlidir”.
Elvin Abbasovun fikrincə, İKT sektorunun inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının güclənməsinə də mühüm töhfə verə bilər:
“Texnologiya sektoru yüksək gəlir və böyük potensial vəd edir. Əgər düzgün strategiya tətbiq olunarsa, Azərbaycan regionun rəqəmsal mərkəzlərindən birinə çevrilə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

