ASAN Xidmət əhalini çətinə salır – Xidmətin keyfiyyəti azalıb, şikayətlər artıb
743
Jurnalist Orxan Məmmədli ASAN xidmət olaraq tanınan və indiyədək adı dillər əzbəri olan, fəaliyyəti insanlarda məmnunluq yaradan strukturun faliyyətində problemlər yarandığı barədə sosial şəbəkədəki səhifəsində qeydlər yazıb.
Konkret.az jurnalistin statusunu təqdim edir:
“Gir ASAN xidmətə, 15 dəqiqəyə həll elə, çıx…”. Təəssüf ki, bu ifadə artıq rəvayətə çevrilib. Xidmət 0 səviyyədə: Havalandırma yox. Su yox. İşçilər hazırlıqsız. Lokal rəhbərlikdə “mədəni kobudluq” simptomları. Rüsumlar nəzərə çarpacaq dərəcədə çox. Monitorlar yarıişlək vəziyyətdə.
Çatdırmayacaqdısa bu qədər xidmət növüylə niyə yüklənirdi? Aparıb 5-10 manatımızı verib işimizi aşırırdıq. Qocası da, körpəsi də evində-eşiyində…
ASAN Xidmətdə köhnə problemlər öz həllini tapmayacaqdısa, işıqlı metlaxın üstü ilə parketi cırıltılı idarələrin nə fərqi oldu?!
Fəxarət yerimizə nə oldu belə?!
Mən istəmirəm ki, bu irsimiz qeyri-maddi, qeyri-mədəni olub tarixə çevrilsin”.
Bu barədə qənaətini bölüşən həmkarlardan biri də danışır ki, bu ayın 7-də həyat yoldaşını və azyaşlı oğlunu Türkiyəyə yola salırmış və ayzaşlının anasına etibar edilməsi barədə vəkalətnamə üçün Yasamalda yerləşən ASAN Xidmətə üz tutublar. Növbədə 20-dən artıq adam olub. Beş pəncərəyə yaxınlaşan müştərilərin gec yola salındığını görən ailə başçısı yaxınlaşıb ki, nədən belədir, vaxt çatmaya bilər. Ona cavab veriblər ki, sistem işləmir, yalnız bir pəncərə fəaliyyət göstərəcək.
Məsələsini həmin gün həll etməyə məcbur olan ailə taksiyə minərək Nərimanov rayonunda yerləşən notariat kontoruna gedir, 15 dəqiqə ərzində lazımi sənədi alır.
Ümumiyyətlə, ASAN Xidtmətin əvvəlki rəhbəri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunmasından sonra bu strukturda işlərin rəvan getmədiyi müşahidə olunur və bu da özünü şikayətlərin artmasında göstərir.