Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra yeddi illik büdcə dövründə təxminən 136 milyard avro (cari qiymətlərlə) vəsait alacaq.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu məlumat Brüsselin Bruegel İnstitutunun yeni hesabatında qeyd edilib.
Hesablamalara görə, Aİ-nin hazırkı büdcəsindən Ukraynanın kənd təsərrüfatını dəstəkləmək üçün 85 milyard avro, inkişaf layihələrini maliyyələşdirən birlik fondlarından 32 milyard avro və digər proqramlar üçün 7 milyard avro ayrılacaq.
Ukrayna bütün ərazilərini geri qaytaracağı təqdirdə bərpa işlərinə iri xərclər tələb olunacaq. Hesabatda növbəti 10 il ərzində 450 milyard avrodan çox qiymətləndirilən böyük bərpa xərcləri nəzərə alınmayıb. Amma bu, baş verməsə, ölkənin ölçüsündə, əhalisində və iqtisadi resurslarında daim azalma yaşanarsa, o zaman ayrılan məbləğ 110 milyard avroya düşəcək.
Bruegel həmçinin 3 milyondan 6 milyonadək ukraynalının Aİ ölkələrinə köçəcəyini proqnozlaşdırıb.
Xatirə SADİQ,
KONKRET.az
