Azərbaycan Yol Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni yol xəttləmə sisteminə başlayıb. Bu addım şəhər nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində vacib bir addım kimi təqdim edilsə də, həyata keçirilmə prosesinin sürəti, məlumatlandırma çatışmazlığı, yolların tam bağlanması və sürücülərin yeni qurallarla tanış olmamağı ciddi sosial narazılıqlara, tıxaclara və bəzən fəsadlara yol açıb. KONKRET.az-ın Analitik Qrupu prosesi bütün aspektlərdən təhlil edir.
Azərbaycan Yol Nəqliyyat Agentliyi (AYNA) 2021-ci ildə yaradılmış dövlət qurumudur. Agentliyin əsas missiyası ölkənin yol infrastrukturunu idarə etmək, müasirləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Son aylarda AYNA Bakı şəhərinin mərkəzi və magistral yollarında kapsamlı xəttləmə işlərinə başlayıb. Yəni yolların üzərindəki cizgilər, yaya keçidləri, dayanma zonaları, sürət məhdudiyyəti nişanları yenidən çəkilib, bəzi küçələrdə isə hərəkət istiqamətləri dəyişdirilib.
Layihənin rəsmi məqsədi odur ki, yol hərəkəti təhlükəsizliyi artırılsın, nəqliyyat axını optimallaşdırılsın, piyada hərəkətinin mühafizəsi gücləndirilsin, Avropa standartlarına uyğun şəhər nəqliyyat mühiti yaradılsın, Bakı şəhərinin beynəlxalq imici yüksəldilsin. Lakin praktikada bu proseslər ciddi problemlərə yol açıb. Bakı sakinləri, taksi sürücüləri, müəssisə sahibləri və şəhər qonaqları küçə xəttlənməsindən birbaşa mənfi təsirlər yaşadıqlarını bildirirlər.
AYNA-nı iddia etdiyi kimi xətləmə yalnız yol üzərindəki işarələmə sisteminin yenilənməsi prosesi deyil. Bu proses sadəcə cizgilərin rənglənməsindən ibarət deyil; o, eyni zamanda nəqliyyat zolaqlarının yenidən müəyyənləşdirilməsini, xüsusi avtobuslar üçün ayrıca zolaqların yaradılmasını, velosiped zolaqlarının işarələnməsini, dayanma qadağası zonalarının genişləndirilməsini, yaya keçidlərinin yenilənməsini və yeni piyada zonalarının qurulmasını özündə ehtiva edir.
Məlumatlara görə, bu ilin əvvəlindən etibarən Bakı şəhərinin onlarca küçəsində xətləmə işləri aparılıb. Ən çox şikayətin gəldiyi ərazilər arasında Neftçilər prospekti, Hüsü Hacıyev küçəsi, İstiqlaliyyət küçəsi, Rəşid Behbudov küçəsi, Nizami küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Üzeyir Hacıbəyli prospekti, H. Əliyev prospekti, Tbilisi prospekti, Koroğlu küçəsi və digər magistral yollar yer alır. Belə ki, xətləmə işlərinin ən böyük tənqid mövzusu heç şübhəsiz sürücü və piyadalara qabaqcadan kifayət qədər məlumat verilməməsidir. Araşdırmalar göstərir ki, şəhərin böyük bir hissəsinin nəqliyyat vərdiş etdiyi küçələrdə günbəgün dəyişikliklər edilir, yeni zolaqlar çəkilir, keçidlər bağlanır, lakin bunlar barədə effektiv ictimai kommunikasiya aparılmır.
Bununla bağlı əsas problemlər arasında dəyişikliklərdən əvvəl media kampaniyalarının, sosial media elanlarının yetərsizliyidir. Bununla bərabər, yol kənarında keçici məlumat lövhələrinin olmaması, sürücülərin yenilənmiş qaydalarla tanış edilməsi üçün maarifləndirici kampaniyaların aparılmamasıdır. Ən biabırçı tərəfi isə odur ki, yeni xətləmənin qüvvəyə girdiyi tarixə dair rəsmi elanlar yoxdur. Xətləmə işləri bilavasitə bir sıra magistral yollarda tıxacları kəskin şəkildə artırıb. Əvvəllər iki zolaq işlədilən küçələrin bir zolağa salınması nəqliyyat axınını ciddi şəkildə azaldıb. AYNA-nın “təşəbbüsləri” sayəsində inşaat mərhələsindəki yollar qismən bağlanıb ki, bu da alternativ marşrutlarda yükü çoxaldıb. Eləcə də sürücülərin yeni zolaq sisteminə alışmaması sıx saatlarda “yanlış zolaq effekti” yaradıb. Avtobus zolaqlarının artırılması isə şəxsi avtomobillər üçün effektiv yol genişliyini demək olar ki, məhdudlaşdırıb. Belə getsə, Bakıda avtomobil sürmək qeyri-mümkün olacaq. Ancaq təəssüflər olsun ki, ictimai nəqliyyat da bərbad vəziyyətdədir. Hələ bura əlavə edək meteoroloji baxımdan yaz-yay mövsümünün başlamanmasını. Şəhərə turist axınının artması ilə üst-üstə gələn problemlərin miqyası daha da böyüyüb.
Yeni xəttləmə ilə birlikdə bir sıra küçələrdə dayanma qadağası zonaları genişləndirilib. Bu da xüsusilə ticarət müəssisələri, restoranlar, apteklər və digər müştəri xidməti sahəsindəki biznes sahiblərini ciddi narahat edib. Müştərilər artıq bilavasitə mağazaların qarşısında dayana bilmir, uzaq məsafədən gəlmək isə xüsusilə yaşlı vətəndaşlar üçün çətinlik yaradır. Bəzi kanallar və sosial media hesablarında paylaşılan görüntülər xətləmənin keyfiyyəti ilə bağlı da ciddi suallar doğurub. İlk yağış yağandan sonra cizgilərin solğunlaşması, yanlış yerləşdirilmiş xətlər, bəzən isə mövcud nişanlarla ziddiyyətli işarələmə halları göz önündərir. Paradoksal görünsə də, yayaları qorumaq məqsədi daşıdığı iddia edilən bəzi dəyişikliklər əslində piyada hərəkətini çətinləşdirib. Bəzi yaya keçidlərinin yer dəyişdirilməsi insanları uzun məsafə getməyə məcbur edib; yeni trafik işıq dövriyyələri isə bir çox yerdə optimum tənzimlənməyib.
Beynəlxaq təcrübələrlə müqayisəli təhlil
| Bakı (AYNA) | Tbilisi | İstanbul | |
| Öncəliklə məlumatlandırma | Zəif | Orta | Güclü |
| Pilot zonaların tətbiqi | Yox | Bəli | Bəli |
| Keçid dövrü tədbirləri | Məhdud | Kifayət qədər | Hərtərəfli |
| İctimai reaksiya toplanması | Əsasən yox | Var | Sistemli |
| İcra sürəti | Sürətli | Orta | Mərhələli |
| Keyfiyyət nəzarəti | Davam edir | Müntəzəm | Yüksək standart |
