Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində diqqətçəkən pavilyonlardan biri də Ukraynaya məxsus ekspozisiya olub.
KONKRET.az xəbər verir ki, hazırda müharibə şəraitində olmasına baxmayaraq, Ukraynanın forumda iştirakı beynəlxalq əməkdaşlıq və həmrəylik baxımından xüsusi maraq doğurur.
Pavilyonda əsasən müharibənin yaratdığı dağıntılar, şəhərlərə və infrastruktur obyektlərinə dəyən ziyan nümayiş etdirilir.
Bu isə dünya ictimaiyyətinə müharibənin ağır nəticələri ilə bağlı mühüm mesaj ötürür.
Sərgini ziyarət edənlər Ukraynada dağıdılan yaşayış məntəqələrinin fotoları, şəhər mühitində yaranan fəsadlar və bərpa ehtiyacları ilə bağlı təqdimatlarla tanış olurlar. Pavilyon həm də postmüharibə dövründə şəhərlərin yenidən qurulması mövzusuna diqqət çəkir.
Bütün bunlarla yanaşı, Ukraynanın Bakıda keçirilən forumda iştirak etməsi Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin və qarşılıqlı dəstəyin daha bir nümunəsi kimi qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələrinin bir araya gəlməsi isə şəhərsalma, dayanıqlı inkişaf və gələcək urbanizasiya məsələləri ətrafında beynəlxalq dialoqu gücləndirir.
Natiq Səlim
KONKRET.az