ADY-nin qiymət siyasəti faktlarla MƏHV EDİLDİ – “Absurddur, çünki…”backend

ADY-nin qiymət siyasəti faktlarla MƏHV EDİLDİ - "Absurddur, çünki..."

Bakı–Tbilisi qatar xəttinin yenidən fəaliyyətə başlaması ilk baxışdan regionda nəqliyyat əlaqələrinin genişlənməsi və alternativ səfər imkanlarının artması kimi təqdim edilsə də , açıqlanan qiymətlər ictimai narazılığa səbəb olub. 81 manatdan başlayan bilet qiymətləri sosial şəbəkələrdə və ekspert dairələrində ciddi müzakirə edilir. Çünki söhbət sürətli aviareysdən deyil, ənənəvi olaraq daha əlçatan sayılan dəmir yolu nəqliyyatından gedir. Üstəlik, Gürcüstanda tətbiq olunan məcburi tibbi sığorta, əlavə xidmət haqları və mümkün qida paketləri nəzərə alındıqda, sərnişinin ödəyəcəyi yekun məbləğin daha da artacağı bildirilir.

Qatar biletlərinin qiyməti məsafəyə uyğun deyil və beynəlxalq təcrübə ilə müqayisədə yüksək görünür. Dünyanın bir çox ölkəsində qatar nəqliyyatı hava nəqliyyatından daha ucuz və sosial baxımdan əlçatan hesab olunduğu halda, Azərbaycanda əks mənzərə yaranıb. Xüsusilə, Bakı–Tiflis marşrutunun məsafəsi ilə Türkiyə və Avropadakı analoji xətlər müqayisə edilərkən qiymət fərqi diqqət çəkir.

Digər narazılıq doğuran məsələ isə sərnişinlər üçün məcburi əlavə xidmətlərin tətbiq olunacağı ilə bağlı iddialardır. Xidmət səviyyəsinin artırılması adı altında qiymətlərin süni şəkildə yüksəldilməsi uzunmüddətli perspektivdə sərnişin axınına da mənfi təsir göstərə bilər.

Bəs Gürcüstana tətbiq olunan məcburi sığorta xərcləri və əlavə xidmət haqları Bakı–Tiflis qatarını gözlənildiyindən daha baha səfərə çevirirmi?

ADY-nin qiymət siyasəti hansı arqumentə əsaslanır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, 2026-cı il fevralın 1-dən etibarən Gürcüstan ərazisinə daxil olan xarici ölkə vətəndaşları üçün məcburi tibbi və qəza sığortası tətbiq edilir. Bu tələb Azərbaycan vətəndaşlarına da şamil olunur.

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

“Sığorta məbləği səfərin müddətindən asılı olaraq dəyişir. Belə ki, bir günlük sığorta təxminən 3 manat, bir həftəlik 15 manat, 8-9 gündən bir aya qədər olan müddət üçün 35-40 manat, bir aylıq paket isə təxminən 60 manat təşkil edir.

Gürcüstan ərazisindən tranzit məqsədilə istifadə edən, o cümlədən Türkiyəyə gedən şəxslər də bu sığortanı almağa məcburdurlar. Bu da ümumi səfər xərclərini artıran əsas amillərdən biridir.

Söhbət yalnız Gürcüstan vətəndaşı olmayan şəxslərdən gedir. Gürcüstan vətəndaşları, eləcə də Gürcüstan əsilli Azərbaycan vətəndaşları bu ödənişdən azad edilirlər”.

Ekspert son illər sərnişindaşıma sahəsində qiymət siyasətinin məsafəyə deyil, xidmət səviyyəsinə uyğun formalaşdırıldığını bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri birinci sinif biletlərə məcburi qida paketinin əlavə edilməsidir.

“Azərbaycanda sərnişin daşınması zamanı həm yerli, həm də xarici vətəndaşlardan məcburi şəkildə qidalanma xərci tələb olunur. Dünyanın əksər ölkələrində belə praktika yoxdur. Sərnişin özü qərar verməlidir ki, qida paketindən istifadə etsin, ya yox”, – deyə iqtisadçı bildirib.

O, hesab edir ki, Bakı–Tbilisi qatarında da analoji hal tətbiq olunarsa, biletlərin qiymətinə əlavə 25-30 manat da daxil edilə bilər.

“Azərbaycan Dəmir Yolları tam şəkildə özünü maliyyələşdirən qurum deyil və dövlət dəstəyi hesabına fəaliyyət göstərir. Son illər xüsusilə yükdaşımada böyük investisiyalar həyata keçirilib və buna görə qiymətlərin yalnız xidmət səviyyəsinə əsasən müəyyənləşdirilməsi doğru yanaşma hesab olunmur”

Ekspert Böyük Kəsik–Qardabani istiqamətində təxminən 18 kilometrlik məsafə üçün 51 manatlıq tarifin müəyyən edilməsini “absurd” adlandırıb.
O, beynəlxalq müqayisələr də apararaq bildirib ki, Amsterdam–Roma sürətli qatar xəttində biletlər əvvəlcədən rezervasiya edildikdə təxminən 16 avroya, yəni 32 manata başa gəlir. İqtisadçı müqayisə üçün Ankara–İstanbul marşrutunu da nümunə göstərib. Təxminən 550 kilometrlik bu xətt üzrə qatar biletləri 31 manat civarında olduğu halda, Bakı–Tiflis istiqamətində məsafə daha qısa olsa da, başlanğıc qiymətin 81 manat müəyyənləşdirilməsi ciddi suallar yaradır.

“Qatar nəqliyyatı dünyanın hər yerində hava nəqliyyatından daha ucuz olur. Azərbaycanda isə əksinə vəziyyət yaranıb. Əgər hava nəqliyyatında biletlər bahadırsa, bu, qatar tariflərinin də yüksək müəyyənləşdirilməsi üçün əsas ola bilməz”, – deyə o, əlavə edib.

İqtisadçı vurğulayıb ki, məsələ ilə bağlı hökumət müdaxilə etməli və qiymət siyasətinə yenidən baxılmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*