Azərbaycanda ən təhlükəli virus budur – AÇIQLAMA – VİDEObackend

Azərbaycanda ən təhlükəli virus budur - AÇIQLAMA - VİDEO

Bu gün dünyanın ən nüfuzlu nəşrlərinin manşetlərini koronavirus haqqında xəbərlər bəzəyir. Demək olar ki, hər gün virusa yoluxma halları ilə bağlı statistik rəqəmlər açıqlanır. Təəssüflər olsun ki, ən yüksək səviyyədə həyata keçirilən tədbirlərə baxmayaraq Azərbaycanda da virusa yoluxma halları müşahidə olunur. Hökumət Koronavirus təhlükəsini aradan qaldırmaq və virusa yoluxma hallarını minimuma endirmək üçün bütün operativ tədbirləri həyata keçirir. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılan operativ qərargah öz işinin öhdəsindən uğurla gəlir.

Eyni zamanda virus təhlükəsinin yüksək olduğu qonşu ölkələrlə sərhədlər qapadılır, dezinfeksiya işləri aparılır, ən əsası isə həyata keçirilən bütün tədbirlər birbaşa ölkə prezidentinin nəzarətində saxlanılır.  Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, görülən işlərə kölgə salmağa çalışan mənfur qüvvələrlə yanaşı, cəmiyyət arasında özünü düzgün apara bilməyən bəzi şəxslər də saxta məlumatlar yaymaqla, əhali arasında təşviş yaratmağa cəhd göstərirlər. Elədikləri hərəkətin yalnış olduğunu dərk etməyən bu cür insanlar özləri də bilmədən cəmiyyətə böyük ziyan vururlar.

Əsəsən gənc və orta nəslin nümayəndələri hər şeyi lağ obyektinə və gülüş hədəfinə çevirərək, olduqca həssas bir mövzuda dezinformasiya yaymaqla ölkədəki  sabitliyi pozmağa cəhd göstərirlər. Ölkəsi üçün faydalı bir iş görmək, dövlətinə və dövlətçiliyə xidmət etmək əvəzinə cəmiyyətdə koronavirus xofu yaratmağa səy göstərənlər bəlkə də bilməyərəkdən qara qüvvələrin dəyirmanına su tökürlər. Yersiz zarafatlara və lazımsız hərəkətlərə vərdiş edən belə gənclər müxtəlif sosial şəbəkə qrupları vasitəsi ilə yalnış məlumatlar yayıb əhali arasında təşvişə səbəb olmaqla, cinayət məsuliyyəti daşıdıqlarının belə fərqinə varmırlar. Bu gün ölkəmizdə hökm sürən sabitliyi yalnış və saxta məlumatlar yaymaqla təhlükə altına atan bu cür gənclər sonradan Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində alətə çevrilərək, hər cür neqativ işlərə cəlb olunurlar. Bu gənclər anlamırlar ki, dünyada gedən siyasi mübarizələr fonunda, ölkələrin dözümlülük dərəcəsinin və iradə qabiliyyətinin yoxlanıldığı bir vaxtda olduqca ciddi mövzunu zarafat və lağ obyektinə cevirməklə dövlətin imicinə zərbə vururlar.

Musa Qasımlı: ”Şaiyə yayan insanlar xaricdəki anti-Azərbaycan qüvvələrinin niyyətlərinə xidmət etmiş sayılırlar”

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən millət vəkili Musa Qasımlı bildirib ki, saxta informasiya yayanlar dövlətimizin qanunları qarşısında cavab verməlidirlər:”Bizim dövlətimizin informasiya təhlükəsizliyi çox ciddi şəkildə qorunmalıdır. Azərbaycan azad və demokratik bir ölkədir. Jurnalistlər və digər insanlar azad şəkildə fikirlərini ifadə edirlər. Amma saxta məlumat yayan şəxslər qanun qarşısında cavab verməlidirlər”.

millət vəkili Musa qasımlı üçün şəkil nəticəsi
Musa Qasımlı – millət vəkili

Musa Qasımlının sözlərinə görə, bütün dünyada Koronavirusa qarşı mübarizə tədbirləri aparılır:”Azərbaycanda da bu istiqamətdə çox ciddi tədbirlər görülür. Nazirlər Kabineti yanında operativ qərərgah yaradılıb. Televiziyalarda profilaktik tədbirlərin necə aparılmasına dair video çarxlar nümayiş etdirilir. Belə bir şəraitdə şaiyə yayan insanlar xaricdəki anti-Azərbaycan qüvvələrinin niyyətlərinə xidmət etmiş sayılırlar. Amma həmin şəxslər bilməlidirlər ki, Azərbaycan xalqı 90-cı illərin əvvəllərinin yaranmasına qətiyyən imkan verməyəcək. Azərbaycan xalqı müdrikdir və dövlətimiz də çox güclüdür. Yalan və saxta məlumat yayanlar qanunun bütün sərt üzü ilə cəzalandırılmalıdır”

Əhməd Qəşəmoğlu: “Biz hadisələrə daha təmkinli reaksiya sərgiləməyə, özümüzü daha mədəni və mənəvi cəhətdən yüksək göstərməyə çalışmalıyıq”

Mövzunu şərh edən sosioloq Əhməd Qəşəmoğlu isə  deyir ki, bu cür həssas məsələlərin zarafat obyektinə çevrilməsinin səbəbi cəmiyyətdə qeyri-ciddi insanların olması ilə bağlıdır: “Bu da əsasən ailədəki tərbiyə sistemindən asılıdır. İnsanlar dərk etməlidirlər ki, dünyada qloballaşma prosesi sürətləndikcə bütün ölkələrdə cəmiyyətlər mürəkkəbləşir. Mürəkkəbləşən cəmiyyətdə isə bizim daha da həssas olmağımız vacibdir. Ola bilər ki, 50-100 il bundan qabaq hansısa məsələnin zarafat obyektinə çevrilməsi cəmiyyətə ciddi təsir göstərmirdi. Amma cəmiyyət mürəkkəbləşdikcə insanların əsəbləri də gərginləşir, proseslər aktivləşir. Belə bir dönəmdə isə insanların daha ayıq olması və hadisələri düzgün şəkildə analiz etməsi olduqca əhəmiyyətlidir”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, Yaponiya sünami təhlükəsi ilə üz –üzə qaldıqda insanlar hər şeyə təmkinlə yanaşdı və bu davranış sayəsində Yapon cəmiyyətinin dünyadakı nüfuzu xeyli artdı: ”Yəni yaponlar ölkədə baş verən faciəvi hadisəyə qışqırıb-bağıraraq yox, təmkinlə reaksiya verdilər. Ölkədə sabitliyin pozulmasına və təşvişin yaranmasına şərait yaratmadılar. İndi yaranmış koronavirus təhlükəsi ilə bağlı saxta xəbərlərin yayılması, əhali arasında təşvişə səbəb olacaq şaiyələrin buraxılması cəmiyyət olaraq inkişaf səviyyəmizin göstəricisi kimi xarakterizə olunur. Ona görə də, biz hadisələrə daha təmkinli reaksiya sərgiləməyə, özümüzü daha mədəni və mənəvi cəhətdən yüksək göstərməyə çalışmalıyıq. Belə olduqda ölkə daxilində panikaların yaranmasının qarşısı alınar və insanların bir-birilərinə olan güvənləri daha da artar”.

Azad İsazadə

Azad İsazadə: ”Yoxlanılmayan və öz təsdiqini tapmayan saxta məlumatların sosial şəbəkələrdə yayılması qətiyyən yolverilməzdir”

Psixoloq Azad İsazadə isə saytımıza açıqlamasında bildirib ki, belə məlumatların yayılmasının mənfi tərəfləri olduqca böyükdür: ”Psixoloji məqamları götürsək, belə saxta məlumatların yayılması insanları panikaya sürükləyir. Yoxlanılmayan və öz təsdiqini tapmayan saxta məlumatların sosial şəbəkələrdə yayılması qətiyyən yolverilməzdir. Hər hansı bir məlumatı yayarkən daha diqqətli olmalı və məsuliyyət daşımalıyıq”.

Psixoloq deyir ki, burada söhbət təkcə təşvişdən getmir: ”İnsanlar həm də psixoloji olaraq koronavirusa yoluxmaqdan qorxurlar. Bu cür yalnış məlumatları oxuyarkən isə real xəstəlik qazanırlar. Belə olan təqdirdə isə koronavirus fobiyası ilə yaşayan şəxs virus daşıyıcısı olan insandan daha gec müalicə olunur.  Bütün bunlarla yanaşı, yayılan saxta məlumatlar insanlar arasında təşvişə səbəb olur ki, bu da öz növbəsində ölkədə sabitliyin pozulmasına təsir göstərir. Həmçinin bir sıra daxili –siyasi problemlərin yaranmasına yol açır.  Odur ki, ilk növbədə insanların karantin qorxusunun qarşısı alınmalı və rəsmi məlumatlar çoxalmalıdır. Eyni zamanda saxta məlumatlar yaymaqla bu cür ciddi məsələni lağ obyektinə çevirən insanlar dərindən düşünməli və atdıqları addımın məsuliyyətini dərk etməlidirlər”.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*