“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistembackend

“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem

Son illər ölkədə ən çox müzakirə olunan sahələrdən biri nəqliyyat və parklanma məsələsidir. Xüsusilə də “Azparkinq” adlı qurumun fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar doğurur. İnsanlara şəhərdə rahatlıq, nizam-intizam və müasir xidmət vəd edən bu sistem, təəssüf ki, bir çox hallarda əlavə problem, əsəb gərginliyi və sosial narahatlıq mənbəyinə çevrilib.

Bakı kimi böyük və sıx şəhərdə parklanma mədəniyyətinin formalaşdırılması, əlbəttə, vacibdir. Küçələrin nizamsız avtomobillərlə tutulması, piyada yollarının zəbt olunması, xaotik dayanacaqlar illərlə həllini gözləyən məsələ idi. Lakin sual budur: bu problem “Azparkinq” vasitəsilə həll olundumu?

Cəmiyyətin böyük hissəsi hesab edir ki, məqsəd problemi həll etməkdən çox, ödənişli məkanları artırmaq və vətəndaşı əlavə xərc yükü altında saxlamaq olub. Əvvəllər pulsuz olan bir çox ərazilərin birdən-birə ödənişli park zonasına çevrilməsi prosesi davam edir.

Çünki Azparkinq vətəndaş üçün yox, özü üçün işləyən bir modelə çevrilib.

İstənilən dövlət qurumu vətəndaşa xidmət etməlidir. Amma burada əks mənzərə görünür. Sistem elə qurulub ki, insan özünü rahat hiss etmir, daim cərimə qorxusu yaşayır, tətbiqlə, ödəniş mexanizmi ilə, vaxt limiti ilə mübarizə aparır.

Bir çox hallarda sürücülər bildirirlər ki, park yerləri kifayət qədər deyil. Ödəniş zonaları artırılır, amma xidmət keyfiyyəti artmır.

Mobil tətbiqlərdə texniki problemlər hələ də qalıb.

Qısa müddətli gecikməyə görə cərimələr tətbiq edilir. Eləcə də alternativ dayanacaq imkanları yaradılmadan ödəniş tətbiq olunur.

Bu isə göstərir ki, sözügedən qurum əvvəlcə insanın rahatlığını deyil, inzibati nəzarəti əsas götürüb. Burada isə təbii ki, sosial ədalət pozulur. Çünki parkinq məsələsi təkcə nəqliyyat mövzusu deyil, həm də sosial məsələdir. Məsələnin əsas məğzi budur ki, gündəlik avtomobildən istifadə edən minlərlə insan arasında müəllim də var, həkim də var, kiçik sahibkar da, taksi sürücüsü də. Hər gün şəhərə gələn və işləyən insan üçün park haqqı artıq əlavə vergi xarakteri daşımağa başlayır.

Əgər maaşlar artmırsa, yaşayış xərcləri yüksəlirsə, bunun üzərinə hər gün park ödənişi gəlirsə, vətəndaş təbii olaraq narazı qalacaq.

Cəmiyyətdə tez-tez səslənən suallardan biri də budur ki, toplanan milyonlarla manat vəsait hara xərclənir? Şəhərdə yeni çoxmərtəbəli dayanacaqlar tikilirmi? İnfrastruktur yaxşılaşırmı? Tıxac azalırmı?

Əgər vətəndaş ödədiyi vəsaitin nəticəsini görmürsə, etimad da yaranmır. Şəffaf hesabatlılıq olmadan heç bir sistem uzunömürlü ictimai dəstək qazana bilməz.

Bir çox inkişaf etmiş şəhərlərdə ödənişli parklanma mövcuddur. Amma orada paralel şəkildə güclü ictimai nəqliyyat sistemi qurulub. Həmçinin, alternativ dayanacaqlar yaradılır. Ən əsas məsələ – şəffaf tarif siyasəti tətbiq edilir.

Bizdə isə hər deyilənlərin tam əksidir. Vətəndaş rahatlığı ön planda olmamalıdır. Ona görə də “Azparkinq” kimi qurumlar cərimə və ödəniş mexanizmi ilə deyil, xidmət fəlsəfəsi ilə işləməlidir. Bunun üçün tariflər yenidən nəzərdən keçirilməlidir, Park yerlərinin sayı artırılmalıdır. Eləcə də mobil sistemlər problemsiz işləməlidir. Sosial həssas qruplar üçün güzəştlər tətbiq olunmalıdır.

“Azparkinq” şəhər idarəçiliyi fəlsəfəsini yenidən nəzərdən keçirməlidir ki, vətəndaşın həyatını asanlaşdırsın. Əgər bir qurum insanların gündəlik həyatında narazılıq, stress və əlavə yük yaradırsa, deməli, orada ciddi islahatlara ehtiyac var. “Azparkinq” də məhz belə bir mərhələdədir. İnsanların səbrini yox, etimadını qazanmaq lazımdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*