Bakı sülhə, lobbi terrora çağırır, İrəvan isə… – Türk-erməni barışığında “Qordi düyünü”backend

Bakı sülhə, lobbi terrora çağırır, İrəvan isə... - Türk-erməni barışığında "Qordi düyünü"

Bayden ağlaşan ermənilərə “soska” verən kimi diaspor daha da azğınlaşıb hərəkətə keçdi; xalq diplomatiyasına dair tədbir ləğv olundu; ermənilər Türkiyə və Azərbaycanla barışıq, yoxsa müharibə istəyirlər?..

Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə sülh şəraitində, normal münasibətdə mövcud olmasına ən birinci maneə, şübhəsiz ki, xaricdəki erməni lobbisidir. Sirr deyil ki, Türk-erməni barışığının baş tutmaması, düşmənçiliyin, Türkə nifrətin qalması və alovlanması üçün diaspora hər il böyük paralar xərcləyir. Bu pullar həm də ABŞ, Fransa kimi aparıcı Qərb dövlətlərində Türkiyə və Azərbaycan əleyhinə lobbiçiliyə, total yalanların təbliğinə yönəldilir.

Həmin yalanlardan biri də 1915-ci il Osmanlı Türkiyəsində baş verən məlum hadisələrin “erməni soyqırımı” kimi təqdim olunması ilə bağlıdır. Ancaq 70 ildən çoxdur aparılan bu təbliğat nəticəsində uydurma “genosidi” cəmi 27 ölkə tanıyıb ki, onlar da müstəsna olaraqxristian dövlətləridir. Yəni sırf xristian təəssübkeşliyi, bir də bu məsələdən qardaş Türkiyəyə qarşı siyasi təzyiq rıçaqı qismində istifadə istəyi tanınmada əsas rol oynayıb.

Odur ki, erməni lobbisi dəridən-qabıqdan çıxsa da, bundan artığına nail ola, məsələni BMT-nin gündəminə belə sala bilməyəcək. Bu mənada ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsi işlətməsi prinsip etibarilə vəziyyəti dəyişmir, ağlaşan ermənilərin ağzına “soska” (əmzik) vermək anlamına gəlir və faktiki, lobbinin ən böyük “uğuru” elə bununla da bitəcək. Çünki ardınca ABŞ dövləti Türkiyədən ermənilər üçün hansısa maddi və ya ərazi təzminatı tələb edəsi deyil.

Ən azı o səbəbə ki, bundan ötrü heç bir hüquqi əsas mövcud deyil – saxta iddia hər hansı beynəlxalq məhkəmə tərəfindən tanınmayıb, tanınması gözlənilmir də. Ölkələr tərəfindən tanınma isə hüquqi sənəd sayılmır, sadəcə, həmin ölkələrin siyasi mövqeyini, rəyini, baxışını ifadə edir. Vəssalam.

*****

Bununla belə, 1 nömrəli fövqəlgüc olan ABŞ-ın rəhbərinin “erməni soyqırımı” deməsi, gözlənildiyi kimi, lobbini Türkiyəyə və Azərbaycana qarşı daha aqressiv ovqata kökləyəcəkdi və köklədi də. Artıq tarixdə qalmış Qarabağ məsələsində köhnə əsassız iddiaların təzədən ortaya atılmasına cəhdlər edilir. Həm də təkcə erməni diasporu səviyyəsində yox.

Gələn məlumatlara görə, Ermənistandakı siyasi qüvvələr, o cümlədən Nikol Paşinyan hakimiyyəti də Co Baydenin müraciətindən ruhlanmış kimi, 44 günlük Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyəti unutmuş kimi görünürlər. “Artsax”la bağlı Azərbaycana qarşı köhnə, absurd tələblər səslənməyə başlayıb, Türkiyəyə, Azərbaycana qarşı əsassız ərazi iddiaları, sərsəm ittihamlar təzədən “nəfəs” qazanıb.

Bu isə əlbəttə ki, bölgədə sülhü zərrəcə yaxınlaşdırmır və hamıdan çox Ermənistanın özünün ziyanına işləyir. Nədən ki, regionda sabitlik və inkişafa hamıdan çox Ermənistanın ehtiyacı var – dərin iqtisadi-sosial böhran yaşadığı üçün. Amma biz böyük sülhə əngəl olmaq üçün “sualtı daşlar”ın da elə ermənilərin özləri tərəfindın qoyulduğunu görürük. Özəlliklə erməni diasporu bu yöndə canfəşanlıq eləməkdədir.

*****

Təsadüfi deyil ki, aprelin 24-də ABŞ-ın ən çox erməni yaşayan Los-Anceles şəhərinin mərkəzində Azərbaycana qarşı növbəti təxribata əl atılıb. Burada Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər. Yəni “demokratiya beşiyi” adına iddialı olan ABŞ kimi dövlətin böyük bir şəhərinin mərkəzində açıq şəkildə soydaşlarımıza qarşı irqçilik, nifrət fontan vurur, dünya erməniləri azərbaycanlılara qarşı terrora, linç məhkəmələri qurmağa çağırılırlar. Ən maraqlısı da odur ki, erməni radikalların belə qanunazidd , ksenofobik hərəkətləri bir qayda olaraq, cəzasız qalır.

Bu xüsusda Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva son olayı da kifayət qədər ciddi məsələ adlandırıb. “Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının belə nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər. Los-Anceles Polis İdarəsi bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılığımız bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən Los-Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq”, – deyə XİN rəsmisi vurğulayıb.

*****

Elə “ilana zəhər verən kərtənkələ”dən – erməni lobbisindən güc alan Ermənistanda da Türkə nifrətin güclənməsi, qonşularla sülhün daha israrla iqnor olunması müşahidə edilməkdədir. Bu da növbəti fakt. Məlum olub ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşmaya hesablanmış xalq diplomatiyasının işə düşməsində İrəvan maraqlı deyil.

Belə ki, məlumatlara görə, mayın əvvəlində Moskvada Avropa Şurasının himayəsi altında Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin 44 günlük Qarabağ müharibəsinin başa çatmasından sonra ilk görüşü baş tutmalı idi. Bu, çoxdan gözlənilən hadisə olmalı idi, çünki son illər həm Rusiya xarici işlər naziri, həm Minsk Qrupunun həmsədrləri, həm avropalı siyasətçilər və diplomatlar iki ölkə arasında xalq diplomatiyasının, qarşılıqlı etimadın yaranmasının vacibliyi haqda danışırdılar.

Lakin bəlli olub ki, görüşün baş tutmasına sayılı günlər qalmış Ermənistan bu sülhməramlı təşəbbüsdən imtina edib. Rusiya xarici işlər nazirinin Ermənistanın bu hərəkətinə reaksiyası məlum deyil, Strasburq da susur (Virtualaz.org). Hansı ki, Moskvada iki ölkədən olan yaradıcı ziyalılar iki xalqın gələcək birgəyaşayışının modelini axtaracaqdılar. Axı 2-ci Qarabağ müharibəsi başa çatsa da, regionda yekun sülh əldə edilməyib, xalqlar arasında sülhün necə qurulacağı indi başlıca mövzudur. Ermənistanda isə davamlı olaraq bu məsələni müzakirə etməkdən yayınırdılar.

*****

Yada salaq ki, tərəflər arasında xalq diplomatiyası yeni məsələ deyil. Belə təşəbbüslər 1994-cü ildə əldə edilmiş atəşkəsdən üzü bəri, həmçinin 2000-ci illərin əvvəllərində irəli sürülüb və həyata keçirilib. Amma gözlənilən nəticəni verməyib və daha sonra ümumiyyətlə dayandırılıb. Ona görə ki, erməni tərəfi bu kimi tədbirlərdən ədalətli sülhə deyil, işğalı rəsmiləşdirməyə nail olmaq vasitəsi kimi i baxıb. Nəticədə Azərbaycanın Vətən müharibəsi qaçılmaza çevrildi və Ermənistan təslim oldu.

Belə hesab olunurdu ki, nəhayət, münaqişənin birdəfəlik tarixə keçməsi, regionda davamlı sülhün əldə olunması üçün real şans yaranıb. Bu sülhü təmin etmək üçün xalq diplomatiyası elementlərinin yenidən gündəmə gəlməsi də qaçılmaz idi. Amma İrəvan bu təşəbbüsləri geri çevirir.

Bakı və Ankara sülhə, lobbi terrora çağırır, rəsmi İrəvan isə sülh prosesini başqa cür torpedalayır. Sual yaranır: erməni tərəfi Türkiyə və Azərbaycanla barışıq istəyirmi, yoxsa yeni müharibəni xəyal edir?..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*