İran ABŞ-la münaqişənin tənzimlənməsi ilə bağlı dialoqunu yalnız Pakistan vasitəsilə davam etdirir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
KONKRET.az xəbər verir ki, Bəqayi qeyd edib ki, regionda gərginliyin azaldılması istiqamətində müxtəlif ölkələr təşəbbüslər göstərsə də, rəsmi vasitəçi statusu Pakistana məxsus olaraq qalır.
“Bir çox ölkə bu məsələ ilə bağlı təmaslar saxlayır və region dövlətləri gərginliyin artmasından ciddi narahatlıq keçirir. Buna baxmayaraq, İran və ABŞ arasında rəsmi vasitəçi kimi Pakistan fəaliyyətini davam etdirir. Pakistan öz işini peşəkar şəkildə həyata keçirir və fəaliyyətinin üçüncü tərəflərin təsiri altına düşməsinə imkan vermir”, – deyə o, vurğulayıb.
İran XİN sözçüsü həmçinin BƏƏ-ni iranlı vətəndaşlara qarşı “qanunsuz addımlar” atmaqda ittiham edib.
Onun sözlərinə görə, bu cür hərəkətlər insan hüquqları normalarına ziddir və Tehran öz vətəndaşlarını qorumağa borcludur.
Bəqayi əlavə edib ki, Qətər də Tehran və Vaşinqtonla yaxşı münasibətlərə malik olan və regionda ən fəal ölkələrdən biri kimi çıxış edir. O, bildirib ki, Doha nizamlanma prosesi ilə bağlı öz fikir və təkliflərini mütəmadi olaraq İranın xarici işlər naziri Abbas Əraqçı ilə bölüşür.
Müşviq Tofiqoğlu
KONKRET.az
