Bakıda kasıblar üçün kitab satanlar hara yoxa çıxır? – REPORTAJbackend

Bakıda kasıblar üçün kitab satanlar hara yoxa çıxır? - REPORTAJ

…Vaxtilə Bakıda 100-ə yaxın kitab mağazası olub. Əllərində kitab, jurnal, qəzet oxuyan insanları ictimai nəqliyyatda, küçələrdə, parklarda  görmək adi hal sayılardı. Dünyanın ən çox kitab oxunan ölkələrindən olan SSRİ-də illik kitab və jurnal tirajları milyonu keçirdi. Məsələn, 1988-ci ildə SSRİ-də 1 milyard 150 milyon bədii kitab çap olunmuşdu. İmperiyanın dağılmasında sonra digər sahələrdəki kimi kitab mağazalarında da dərin çöküş başlandı, mütaliəyə maraq öldü. Paytaxtın kitab mağazaları bağlanaraq yerində şadlıq sarayları, restoran və kafelər, dönərxanalar tikildi.

Hazırda bir sıra kitab evləri, kitab mərkəzləri açılsa da, onların təyinatı fərqlidir. Çoxu həm mağaza, həm oxu zalı, həm də kafe kimi fəaliyyət göstərir. Yəni kitabı alırsan, özünə bir kofe də sifariş edib oxuyursan. Əslində yaxşı mənzərədir, amma belə mağazalarda kitab qiymətləri (elə kofe də) hər kəsin büdcəsinə uyğundurmu? Sözsüz ki, modern kitab mağazaları yalnız məhdud təbəqə üçün münasib ola bilər. Daha çox tələbələrdən ibarət kasıb kitabsevər kütlə yenə kitabı köhnə kitabxanalarda, bukinist və ikinci əl kitab satışlarında axtarır. Bəs Bakıda ucuz kitablar satılan yerlər hələ də qalıbmı?

 

Bu sualın dalınca Bakının ənənəvi ucuz kitab satışı ünvanlarına üz tutduq. Təxminən 10 il əvvələ kimi Bakı Dövlət Universitetinin, Elmlər Akademiyasının həndəvərində bir neçə belə yer var idi. Akademiyadan üzü universitetə doğru kitab satılan dar cığırı o dövrün tələbələri yaxşı xatırlayarlar. Yerə düzülmüş kitablara hopmuş nəm iyi dar keçidə qəribə bir rütubət qoxusu yayırdı. Həmin ətrafda bir neçə dəfə dövrə vursaq da, kitab satılan keçidi tapa bilmədik. Soraqlaşıb öyrəndik ki, həmin yeri bağlayıblar, yerində isə kafe tikiblər. Kitabların hara köçürüldüyünü də heç kim bilmədi.

“Polis satmağa qoymurdu, yığışıb getdi…” – ucuz kitabların sorağı ilə

BDU-dan “Azərnəşr”ə doğru gedən yolda da tələbələrə tapılmayan dərsliklər və ucuz bədii kitablar satan kitabçını yerində görmədik. Tələbələrdən öyrəndik ki, onu sonuncu dəfə yay semestri imtahanlarında görüblər, bu dərs ilindən kitabları ilə bərabər yoxa çıxıb.

“Onsuz da satmağa imkan vermirdilər. Dəfələrlə polislə dalaşmasının şahidi olmuşam. Səbəbini bilmirəm, amma polis əməkdaşları  deyirdilər ki, yığışdır, burada kitab satma. Yəqin yazıq bezdi getdi… Amma çox faydalı kitablar satırdı, özü də ucuz qiymətə. Həmişə ondan alırdıq, olmayanda da kiməsə zəng edib tapırdı”, – BDU-nun İlkin adlı 4-cü kurs tələbəsi deyir.

Kitab mağazaları bağlanıb, kafe və dönərxanalar açılıb

AMEA-nın qarşısındakı parkda da kiril əlifbalı köhnə kitablar satan kitabçını tapa bilmədik, üz tutduq Mərkəzi Univermağın ətrafındakı kitab mağazalarını axtarmağa. Amma burada da “lələ köçüb, yurdu qalmışdı”… İri kitab mağazalarının yerində brend geyim mağazaları açılıb. Köhnə kitab mağazalarından yalnız biri – İstiqlaliyyət küçəsində yerləşən bukinist yerində idi. Onu da təsadüfən gördük, zirzəmidə yerləşdiyindən dar pillələrin üzərində yazılmış “bukinist” sözü ilk baxışdan nəzəri cəlb etmirdi. Elə pillələri enənə qədər də böyük bir xəzinə ilə qarşılaşacağımızı təsəvvür etmirdik. Beləliklə, bu, paytaxtı ələk-vələk edib axtardığımız ucuz kitablar satılan yeganə mağaza idi.

Mağazada arakəsmələrlə ayrılmış və çeşidlənmiş kitablar tavana qədər yığılmışdı. Kitab sarıdan zəngin olsa da, burada müştəri sarıdan qıtlıq idi.  Kitablar haqqında uzun-uzadı, həvəslə danışan satıcı nədənsə müsahibə verməyə elə də könüllü görünmürdü. Adını yazmamaq şərtilə söhbətləşməyə razılaşdı. Məlum oldu ki, ucuz kitablar satılan azsaylı məkanlardan olsa da, satış yaxşı getmir. Ən çox tələbat isə  bədii ədəbiyyatadır.

“Mallda bir fincan kofeyə 5 manat verir, kitaba pul tapmır…”

“Ali məktəb tələbələri kitab oxumurlar. Çünki, bizdə universitetə qəbul olana qədər kitab oxuyurlar, ondan sonra oxuyan olmur. Ona görə də, universitet tələbələri üçün elmi kitablar gətirmirik. Adətən satdığımız kitablar kiril qrafikası ilə nəşr olunmuş köhnə kitablardır. M. Ə. Sabir, Fərman Kərimzadə, İlyas Əfəndiyev, müasir dövrdə isə detektivlər – Çingiz Abdullayev, Elxan Elatlı, Varisin kitabları soruşulur. Oxucular özünüinkişafla bağlı kitablarla da çox maraqlanırlar”, – satıcı deyir.

8 ildir bu mağazada işlədiyini deyən müsahibimiz əvvəlki illərlə hazırki dövrün kitab satışında xeyli fərqlər olduğunu deyir: “Əslində gərək bura tələbələrlə dolu olaydı. Hələ sentyabrdan bu yana bir dənə də olsun iqtisadiyyata dair kitab satmamışam. Amma vaxt var idi ki, biz kitabları gətirib çatdıra bilmirdik. Bu təxminən 2004-2005-ci illər idi. Hazırda gənclər daha çox mallara üz tutur, bir fincan kofeyə 5 manat verirlər, sonra da onunla şəkil çəkdirib sosial şəbəkədə yerləşdirirlər. Kitab almağa isə pul tapılmır. Əgər reklam olunsa, gənclər mallara deyil, kitab mağazalarına, kitabxanalara gedər və bu daha faydalı olar”.

“Elə kitablar var ki, köhnə də olsa bahalıdır…”

Qiymətlərə gəlincə isə, elə kitablar var ki, onlara qiyməti nəşriyyat qoyur. Bunlar, əsasən, təzə kitablardır. Satıcı deyir ki, həmin kitablara heç bir endirim edə bilmirlər. Köhnə kitabları isə bəzən üzərinə yazıb vurduqları qiymətdən iki-üç dəfə ucuz satırlar: “Biz müştəri ilə işləyirik. Kitabı 5 manata satırıq, amma müştəri deyir ki, cəmi 3 manatım var. Heç vaxt onu kitabsız yola salmırıq, elə o qiymətə də veririk. Elə kitablar var ki, köhnə olsa da, bahalıdır. Bu daha çox kitabın tapılmasından, tirajından asılıdır. Məsələn, “Lenin və Krupskaya” kitabını 10 manata satırıq, bu ona görə bahadır ki, həmin kitab azdır. Amma 10 yazmışıqsa, onu 5 manata da verə bilərik. Kitabların qiymətinə gəlincə isə, bu 1 manat da ola bilər, 20 manat da, 50 manat da”.

Bukinistdə sovet dövründə uşaqlar üçün çap olunan nağılları və əlifba kitabını hamı axtarır. Satıcı deyir ki, axtarılan kitablar ələ düşdükcə, onlarla bağlı sosial şəbəkədəki səhifələrində foto yerləşdirilir. Alıcılar da yeni gətirilən kitablar haqqında məlumatı oradan əldə edirlər.

Evini dəyişən və ya evində darısqallıq yaradan, oxumadığı kitabları əhali  bukinistə təhvil verir. Müsahibimiz bildirir ki, heç də bütün kitabları almırlar, çünki mağazada yer darısqal olduğundan satılmayan kitabı götürmək sərf eləmir.

“Əlinin papağını Vəlinin başına…”

“Qazanc deyim ki, olmur, yalan olar, amma azdır. Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyuruq, birtəhər keçinirik. Bəzən də qazanc üçün kitabları kirayə veririk. Bunlar əsasən rus dilində olan kiçik detektiv əsərləridir və çox cüzi məbləğə – 30 qəpiyə kirayə verilir”, – satıcı deyir.

Mağazada sosializm və kommunizlə bağlı kitablar da gözə dəyir. Satıcı deyir ki, onlara kütləvi maraq olmasa da, kimi xatirə üçün, kimi elmi iş üçün, kimi də kommunist əqidəli olduğuna görə onları alır.

“İndi dəbdir, kitabları dekor üçün alırlar. Kimsə kafe açır, alıb dekor üçün ora çoxlu kitablar düzür. Və ya televiziya studiyalarında fona dekor üçün kitablar düzürlər. Onları kitabın içərisindəki, hansı növ kitab olması maraqlandırmır. Onsuz da heç kim oxumur, əsas odur ki, görüntü yaratsın”, – satıcı deyir.

Elman dayının mağazası da bağlandı…

Bukinistə gəlmişkən, bir neçə çoxdan axtardığımız kitabı da alıb satıcı ilə sağollaşdıq. Qız qalasının yaxınlığında Elman dayının mağazası kimi tanınan məşhur kitab evinə baş çəkmədən getmək istəmədik. Artıq bir ilə yaxındır ki, məhur kitabçı dünyasını dəyişdiyindən mağazanın qapıları qıfıllı idi. Yaxınlıqdakı suvenir satıcıları aylar keçməsinə baxmayaraq, az qala hər gün kitab həvəskarlarının bura gəlib əliboş qayıtdığını deyir: “Ruhdan düşmürlər, ümidlə gəlirlər ki, bəlkə, kitab mağazası yenə açıla. Elman dayı Bakıda ən ucuz kitabları satırdı. Axı o kitabdan pul qazanmırdı. Dükan özünün idi, hobbi kimi kitab satırdı. Ona kitablar “Azərkitab”dan qalmışdı. Bəlkə də buranı icarəyə versəydi, dəfələrlə çox qazanardı…”

Həmsöhbətimiz gileylənir ki, ucuz kitab dükanı da, qəpik-quruşa satılan kitablar da gəncliyimizlə bərabər yox olub gedib. Ondan öyrənirik ki, məşhur kitabçıdan sonra buradakı bütün kitabları harasa daşıyıblar. Hazırda isə mağazanın içərisində təmir gedir. Yəqin ki, bura bir də əvvəlki kimi kitab mağazası olmayacaq. Olsa da, əvvəlki kimi olmayacaq…

Gülnar Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*