backend

"Çavuşoğlu və Lavrov Moskvada Azərbaycanla bağlı nələri danışacaq? - DETALLAR

Moskvada Çavuşoğlu və Lavrov arasında keçirilən görüş beynəlxalq aləmin diqqət mərkəzindədir. Tərəflərin bu görüşdə əsasən Suriya məsələsini müzakirə etməsinə rəğmən siyasi analitiklər Çavuşoğlu və Lavrov arasında aparılan danışıqların Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirirlər. Bəs görəsən, sözügedən görüşdə Qarabağla bağlı hansısa danışıqların aparılması gözlənilirmi? Bu görüşün bizim üçün əhəmiyyəti nədən ibarətdir? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, sözügedən görüşdə İran və Suriya XİN başçılarının da iştirakı nəzərdə tutulur: “Ona görə də, dörd ölkənin xarici işlər nazirlərinin görüşü daha çox Suriya məsələsi ətrafında müzakirələrin aparılması ilə müşayiət olunur. Həmçinin Rusiya, Türkiyə və İranın Suriyaya yanaşmasında fərqli mövqelər mövcuddur. Bu fərqli yanaşmalarda ortaq məxrəcə gəlinməsi üçün səy göstərilir. Yəqin ki, Çavuşoğlu və Lavrov arasındakı təkbətək görüşlərdə Qarabağ məsələsi barədə də hansısa danışıqlar aparılacaq. Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələr olacaq”.

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

Politoloqun sözlərinə görə, bu görüşün Azərbaycan üçün çox böyük əhəmiyyəti var: “Nəzərə almaq lazımdır ki, hazırda keçirilən görüşdə Türkiyənin iştirakı bizim üçün vacibdir. Çünki Türkiyə Azərbaycanın strateji tərəfdaşı və partnyorudur. Bu baxımdan Türkiyənin beynəlxalq siyasətdə və müxtəlif layihələrdə mövcudluğu, eləcə də aldığı qərarlar Azərbaycanın xarici siyasət kursunu da müəyyənləşdirir. Həmçinin Çavuşoğlu və Lavrov, eləcə də Çavuşoğlu və İran nümayəndəsi arasındakı görüşdə Azərbaycan məsələsinin müzakirə olunacağını nəzərə alsaq, bu görüşün ortaq qərarların alınması baxımından Azərbaycanın siyasi maraqlarına xidmət etdiyini deyə bilərik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*