İyul ayı necə keçəcək? – Hava ilə bağlı XƏBƏRDARLIQbackend

İyul ayı necə keçəcək? - Hava ilə bağlı XƏBƏRDARLIQ

Yay mövsümünün ikinci ayı başlasa da, iyunun son günlərində müşahidə olunan sərin və yağıntılı hava şəraiti əksər insanlarda suallar yaradıb. Adətən iyul ayı yüksək temperatur, quraq hava və isti dalğaları ilə yadda qalsa da, bu il yayın ilk ayının sonundakı qeyri-sabit hava fonunda iyulun da oxşar keçəcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Xüsusilə istirahət planı quranlar, kənd təsərrüfatı ilə məşğul olanlar və açıq havada çalışanlar qarşıdakı həftələrdə hava şəraitinin necə keçəcəyi ilə yaxından maraqlanırlar.
Bəs iyul ayı da iyun kimi sərin və yağıntılı keçəcək, yoxsa ölkədə əsl yay havası bərpa olunacaq?

Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, iyul ayında havanın temperaturunun iqlim normasına yaxın və bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir.

Cavid Hüseynov

Onun sözlərinə görə, iyun ayının sonlarında müşahidə olunan sərin hava artıq geridə qalır və yaxın günlərdə temperaturun sürətlə yüksəlməsi proqnozlaşdırılır.

“Ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun sonundakı kimi uzunmüddətli və intensiv yağıntılı günlər proqnozlaşdırılmır. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda oroqrafik amillərin təsiri ilə günün ikinci yarısında ildırımla müşayiət olunan qısamüddətli leysan xarakterli yağışlar müşahidə oluna bilər”, – deyə ekspert qeyd edib.

Ekspertin fikrincə, ümumilikdə iyul ayı yay mövsümünə xas isti və əsasən quraq hava şəraiti ilə seçiləcək. Buna görə də iyun ayının son günlərindəki sərin və uzunmüddətli yağıntılı hava şəraitinin iyul boyunca təkrarlanacağı gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*