ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla imzalanan anlaşma memorandumu və tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlı strateji yanaşmalarını açıqlayıb. O, bu addımın təkcə diplomatik deyil, həm də ABŞ-ın maraqlarına xidmət edən praqmatik bir gediş olduğunu vurğulayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Cey Di Vens bildirib ki, əvvəlki sanksiyalar İranın neft satışını dayandırmaqda effektiv olmayıb. Onun sözlərinə görə, İran hətta sanksiyalar altında belə, dünya bazarlarında neftini satmağa davam edib, sadəcə, bu proses qeyri-rəsmi və izlənilməz kanallarla həyata keçirilib. Vitse-prezident qeyd edib ki, sanksiyaların İranın maliyyə sistemini “kölgə bankçılığı” sektoruna – qaranlıq və nəzarətsiz maliyyə axınlarına doğru itələməsi təhlükəsizlik baxımından daha böyük risklər yaradıb.
Vens sanksiyaların yumşaldılmasının əsas məqsədini şəffaflığın təmin edilməsi kimi izah edib: “Sanksiyaları yumşaltmaqla biz onların maliyyə sisteminin pərdəsini qaldırırıq. İndi biz onların pulu hara göndərdiyini və haradan aldığını izləyə biləcəyik. Əsl fayda budur”. O, vurğulayıb ki, bu razılaşma performans əsaslıdır və İran üzərinə götürdüyü uzunmüddətli öhdəlikləri yerinə yetirməlidir, əks təqdirdə ABŞ-ın yenidən sərt blokada və təzyiq vasitələrinə qayıtmaq üçün kifayət qədər imkanları var.
Sazişin digər vacib hədəfi kimi Hörmüz boğazının dünya iqtisadiyyatı üçün “boğaz ağzı” kimi istifadə edilməsinin qarşısını almaq göstərilib. Vitse-prezident əlavə edib ki, İranın özü də bu boğazda gərginliyin davam etməsində maraqlı deyil, çünki bu, onların da iqtisadi maraqlarına ziddir. Yekun olaraq, Vens qeyd edib ki, bu razılaşma əvvəlki yumşaq diplomatik cəhdlərdən fərqli olaraq hərbi təzyiqin nəticəsində əldə edilib və ABŞ-ın Yaxın Şərqdəki maraqlarını qorumaq üçün effektiv bir vasitədir.
Natiq Səlim,
KONKRET.az
