DİQQƏT! Hərbi formaya görə 300 manat CƏRİMƏ – AÇIQLAMAbackend

DİQQƏT! Hərbi formaya görə 300 manat CƏRİMƏ - AÇIQLAMA

Ötən gün metro çıxışında hərbi geyimli şəxsin bir qadınla qoşalaşaraq ianə toplaması hadisəsi cəmiyyətdə böyük ajiotaj yaradıb. Əksəriyyət özünü qazi kimi təqdim edən gəncin hərəkətini pisləyərək, bunu ordumuzun adına xələl gətirən hal kimi dəyərləndirib.

KONKRET.az vətəndaşların belə bir həssas məsələ ilə bağlı narazılıqlarını nəzərə alaraq, ekspertlərə bir neçə sualla müraciət edib:

– Xidmət müddəti bitdikdən sonra formaların təhvil verilib-verilməməsi qaydaları necə tənzimlənir?
– Ordudan tərxis olunan hər hansı hərbçi, qazi və ya veteranın hərbi formanı istənilən yerdə əynində daşımaq hüququ varmı?
– Əgər yoxdursa, qanunla hansı cəza tədbirləri nəzərdə tutulur?

Suallara cavabında hərbi ekspert Alp Arslan İmamqulu bildirib ki, tərxis olunanlara hərbi bilet verilir və orada formanın daşınıb-daşınmaması barədə qeydlər var:

– Tərxis olunandan sonra əksər hallarda hərbi forma daşımaq icazəsi verilmir. Amma Vətən müharibəsindən sonra bundan sui-istifadə edənlər var. Azərbaycanın qalib dövlət, qalib millət və qalib ordu olması ilə əlaqədar bu istiqamətdə ciddi işlərin görülmədiyini düşünürəm. Təbii ki, uniforma geyinib kimlərsə qazi adı ilə ianə toplayırsa, neqativ hallara yol verirsə, bununla bağlı ciddi tədbirlər görülməlidir. Çünki şəhidlik adı, qazi adı, xüsusən də ordu mənsubu olmaq bir şərəfdir və buna ləkə yaxa biləcək hər bir addım ciddi tənqid edilməli, hüquqi müstəvidə gərəkli tədbirlər görülməlidir.

– Şəxsən siz  məlum hadisəni necə dəyərləndirirsiniz?

– Birmənalı olaraq neqativ haldır. O uniforma Vətən, millət, Allah yolunda şəhid olan oğullarımızın hərbi geyimidir. Onu Azərbaycanın mənəvi dəyərlərinə hörmətlə yanaşacaqsansa, daşıya bilərsən. Amma ianə toplamaq və s. məqsədlərlə istifadə etmək, insanların duyğuları ilə oynamağa cəhd göstərmək heç bir Azərbaycan zabitinə, gizirinə, hərbçisinə yaraşmaz. Düşünürəm ki, məlum hadisə də ciddi mənada bir sui-istifadə halıdır və qarşısının alınması üçün mütləq gərəkli tədbirlər görülməlidir.

– Ümumən belə qayda pozuntularına görə qanunda hansı tədbirlər nəzərdə tutulur?

– Belə halların aradan qaldırılması üçün qarnizon üzrə patrul xidmətləri təyin olunub. Bu xidmətlər hərbi geyimli insanların uniformaları qaydalara uyğun daşıyıb-daşımadığına nəzarət edir. Və əgər hər hansı şəxs hərbi biletin xüsusi qeydlər bölümündə buna icazəsi olmadan hərbi geyim daşıyırsa, həmin patrul xidmət əməkdaşları tərəfindən dərhal lazımi tədbirlər görülür.

– Belə olan halda forma geyinmiş birinin ictimai yerdə saatlarla ianə toplaması niyə diqqətdən yayınıb?  

– Patrulların müəyyən xidməti marşrutları və xidməti sahələri var. Yəqin ki, o marşrutlardan yayınacaq şəkildə bu cür hala yol verilib. Düşünürəm ki, patrul xidmətinin nəzərinə çarpsaydı, bununla bağlı hər hansı tədbir mütləq görülərdi.

– Sizcə, xüsusən postmüharibə dövründə tərxis olunanların uniformalarını təhvil verməsi kimi yeni qaydalara ehtiyac varmı?

– Uniformanın təhvil alınması kimi qayda yoxdur. Yəni hərbi qulluqçu forma ilə tərxis olunub qayıda bilər. Amma hərbi geyimin daşınıb-daşınmaması haqqında hərbi biletlərdə qeyd var. Və əksər hallarda müddətli həqiqi hərbi xidmət keçənlərin uniforma daşımaq hüququ yoxdur. Bu qayda pozularsa, inzibati tədbirlər görülür. Qanun var və hər şey qanunla tənzimlənir.

Hərbi ekspert onu da istisna etmir ki, cəza və cərimələr olsa da, ictimai qınaq da vacibdir:

– Qazi adı altında yol verilən bu cür nöqsanların insanları narahat etməsi, o cümlədən, jurnalistlərin buna diqqət yetirməsi özü bir ictimai qınaqdır. Ümumiyyətlə, biz minillik bir tarixə malik türk milləti olmağımıza baxmayaraq, Ordumuz çox gəncdir. Vətən müharibəsində əldə olunmuş zəfərdən sonra belə keçid sindromlarının olması da təbiidir və bunlarla bağlı suallar tədricən ortaya çıxır. Məsələn, şəhid ailələri və qazilərə qarşı necə davranılmalıdır, uyğunsuz davranışlara qarşı hüquqi müstəvidə hansı tədbirlər görülməlidir kimi suallar meydana çıxır ki, bunlar da zamanla yerini tapacaq məsələlərdir.

Mövzu ilə bağlı digər ekspert Ədalət Verdiyevin sözlərinə görə, tərxis olunduqdan sonra hərbi qulluqçuların formadan istifadəsi Müdafiə Nazirliyinin müvafiq əmri ilə tənzimlənir:

– Xidmətdən sonrakı dövrdə hərbi geyim formasını daşımaq qadağandır və bunun üçün kifayət qədər böyük məbləğdə cərimələr nəzərdə tutulur. Zabit-gizir heyəti, peşəkar hərbçilərin tərxis olunduqda Müdafiə Nazirliyinin verdiyi əmrə onların hərbi geyim forması gəzdirməsi ilə bağlı əlavə bir bənd daxil edilib. Lakin bu, çağırışçılara, yəni bizim bildiyimiz əsgərlərə şamil olunmur. Çünki çağırışçılar hərbi geyimi yalnız xidmət dövründə daşıya bilərlər.

Xidmətdən sonrakı dövrdə hərbi geyim formasını daşıyan hərbi qulluqçuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 300 manat cərimə gözləyir.

Ümid edirik ki, məsələ ilə bağlı nəzarət gücləndirilsə, hərbi forma üzərindən manipulyasiya və qazi adından sui-istifadə halları da sürətlə aradan qalxar.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*