Ötən il Rusiya – Ermənistan münasibətlərindəki gərginlik son mərhələyə qədəm qoyub və müttəfiqlər bir-birini sərt ittihamlardan belə çəkinməyiblər. Beynəlxalq platformalarda Rusiyanı ittiham edən Ermənistan rəsmiləri Moskvanın patronajlığı altında keçirilən iclas və sammitləri boykot ediblər. Rusiyanı daha çox qıcıqlandıran məqam isə Ermənistanın Roma Əsasnaməsinə qoşulması oldu. Qarabağın əldən getməsində Rusiyanı günahlandıran ermənilər Avropa İttifaqının missiya qrupunu Ermənistana dəvət etməklə, Rusiyanın maraqlarına zərbə vurmaqla məşğuldur. Üstəlik, Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza can atması da rusların maraqlarına uyğun deyil. Fransanın Ermənistanı silahlandırması da Cənubi Qafqazda sülhü təhlükə altına alır. Ermənistanda Paşinyan hökumətindən narazı qüvvələr isə bu siyasətə qarşıdırlar və güman edirlər ki, Nikolun Rusiyanı bölgədən sıxışdırmaq cəhdi İrəvan üçün uğurlu heç nə vəd etmir. Ermənistandakı bəzi qüvvələr düşünür ki, Rusiya Ermənistanı tərk edərsə, erməni cəmiyyətində çatlar yaranacaq.
İrəvanda nəşr olunan “Droşak” jurnalında dərc olunan bir məqalə də bu yöndədir.
KONKRET.az oxucuların marağını nəzərə alıb, həmin məqaləni təqdim edir:
“Paşinyan və onun komandası siyasi cəhətdən Qərb kosmopolitizmi ilə rusofobiya ideologiyası əsasında formalaşıb və öz elektoratına da bunu aşılaya bilib. Sələflərinə qarşı nifrət və Rusiyanı lənətləməklə siyasi intihara doğru getdiklərini belə anlamırlar. Siyasət sevgi və nifrətlə deyil, soyuq başla idarə olunur. Ən azı, böyük geosiyasi alova odun olmamaq üçün Gürcüstan və Ukrayna nümunələri bizə dərs olmalıdır. Qərb və ya başqası bizdən ötrü döyüşmək üçün öz qoşunlarını gətirəcəkmi? Gürcüstan və Ukraynanın nümunələri göstərdi ki, Qərb öz oyununu ustalıqla oynayır və nəticə acınacaqlı olur. 44 günlük müharibədən sonra Nikol Paşinyan dedi ki, onun sələfləri çoxdan Qarabağı təslim ediblər. O, hələ də öz fikrində qalır və hər dəfə də eyni şeyləri təkrar edir, daha əvvəl baş verən danışıqları xatırladır. Sanki Paşinyanın rəhbərliyi altında ölkənin dəhşətli məğlubiyyəti və ərazilərin böyük hissəsini kağız üzərində təslim etməsi heç bir əhəmiyyət daşımır. Görünən odur ki, Paşinyanın danışıqlara sıfır nöqtəsindən başlaması və “Qarabağ Ermənistandır və nöqtə” deməsi heç bir məna kəsb etmirdi. Həmçinin, yüksək rütbəli xarici rəsmilərin və mötəbər təşkilatların nümayəndələrinin Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan ilk erməni lideri olması və bu rəsmi tanımadan sonra heç nə edə bilməyəcəyi barədə bəyanatları da mənasızdır. 2020-ci ildə Ermənistanın nəzarətində olan ərazilərin 25%-nin itirilməsindən sonra hakimiyyəti saxlamaq məsələsi Ermənistan rəhbərliyi üçün məqsədə çevrildi və onun siyasətində aşağıdakı taktikalar prioritet oldu:
1. Xarici qüvvələr üçün Paşinyanı hökumətin başında saxlamaq onların özlərinə sərfəli olsun.
2. Ölkə daxilində gedən danışıqları və prosesləri mümkün qədər gizli saxlamaq.
3. Mümkün həll yollarını erməni cəmiyyəti üçün obyektiv xilas və daimi sülhün təminatı kimi təqdim etmək.
4. Anklavların qaytarılması və kommunikasiyaların açılmasından Ermənistanın nəsə qazanacağı məlum deyil.
Azərbaycan hakimiyyəti planlarını öz cəmiyyətinə açıqlayır. Onlar açıq şəkildə azərbaycanlı qaçqınların Ermənistana qayıtmasından, dəhlizin açılmasından danışırlar. Azərbaycan israrla Qarabağ məsələsinin bağlandığını bəyan edir.
Söylənənlər nəzəri fərziyyə deyil, 9 noyabrdan sonra baş verənlərdən, eləcə də Azərbaycan – Türkiyə geosiyasi ambisiyalarının həddən artıq böyük olmasından irəli gəlir. Təsadüfi deyil ki, Paşinyanın Ermənistan hökumətinin sükanı arxasında görünməsindən sonra Azərbaycan qısa müddətdə ağlasığmaz nailiyyətlərə imza atdı və indi daha çox şeyə nail olmağa yaxındır. Erməni xalqı elə vəziyyətə gəlib ki, heç bir milli hökumət heç vaxt Ermənistan dövlətinin suverenliyini bərpa edə bilməyəcək. Görünən odur ki, Paşinyan erməni xalqının özünü müdafiə etmək gücündə olduğuna inanmır, üstəlik, milli ruhda yeni yüksəlişin qarşısını almağa çalışır. Bu mənada onun erməni xalqına ilk və ən böyük xəyanəti hərbi və dövlət idarəçiliyi təcrübəsi olmadan faktiki olaraq müharibə vəziyyətindən çıxmamış bir ölkənin rəhbəri olmaq istəyi idi. Məğlubiyyətlə üz-üzə qalan Paşinyan indi Ermənistanı total tarixi, siyasi və diplomatik məğlubiyyətə aparır”.
Vəli Həsənov,
KONKRET.az
