Əfqanıstan ötən il dünya üzrə tiryəkin 80%-ni istehsal edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) yeni hesabatında deyilir.
Bununla belə, 2021-ci ilin avqustundan Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid ölkədə xaşxaşın yetişdirilmədiyini bildirib.
“Artıq iki ildir ki, xaşxaş becərilməsi qadağandır. Əminəm ki, tiryəkin bir faizi belə istehsal olunmayıb, olunubsa, məhv edilib. Bu o deməkdir ki, biz 2023-cü ildə Əfqanıstanı xaşxaş əkinindən tamamilə təmizləmişik”, – o deyib.
Hesabatda Əfqanıstanda təxminən 3,5 milyon narkotik istifadəçisinin olduğu bildirilir ki, bu da ümumi əhalinin demək olar ki, 10%-ni təşkil edir.
Ötən ilin noyabrına olan məlumata görə, Əfqanıstanda tiryək əkini əvvəlki illə müqayisədə 32% artaraq 233 min hektar təşkil edib. Əsas əkin sahələri (73%) Əfqanıstanın cənub-qərb rayonlarında cəmlənib, burada da məhsuldarlığın ən böyük artımı müşahidə olunub.
UNODC-nin noyabr hesabatına əsasən, Helmand əyalətində əkin sahələrinin beşdə biri tiryək üçün ayrılıb.
İqbal Rzayev,
KONKRET.az
