Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi və ölkəsinin “F-35” proqramına yenidən qoşulması ilə bağlı gözləntilərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazir Vaşinqtonun NATO üzvü olmayan ölkələrə böyük həcmdə silah satdığı halda, Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətlərin heç bir izahının olmadığını bildirib. Hakan Fidan iki ölkə arasında münasibətlərin pisləşməsini əsaslandıracaq heç bir problemin olmadığını qeyd edib.
O, həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də ABŞ Prezidenti Donald Trampın “CAATSA” sanksiyalarının ləğvinə qətiyyətlə yanaşdıqlarını, ötən ilin sentyabrında liderlərin bu mövqedə olduqlarını və nazirlərə problemin həlli ilə bağlı tapşırıq verildiyini vurğulayıb. Nazir əlavə edib ki, “CAATSA” sanksiyaları aradan qaldırıldıqdan sonra “F-35” qırıcılarının Türkiyəyə satışına qoyulan qadağanın da ləğv ediləcəyinə inanır.
Qeyd edək ki, “CAATSA” ABŞ-nin rəqiblərinə qarşı sanksiyalar haqqında qanunudur. 2020-ci ildə Vaşinqton Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini almasına görə bu qanun çərçivəsində rəsmi Ankaraya qarşı məhdudiyyətlər tətbiq edib. Bu sanksiyalar Türkiyənin Müdafiə Sənayesi İdarəsinə (SSB) təsir göstərib və nəticədə ölkə “F-35” proqramından çıxarılıb.
Natiq Səlim,
KONKRET.az
