Bu gün Konkret.az saytının fəaliyyətə başlamasından 7 il ötür. Yeddi il ərzində media məkanında özünəməxsus yer qazanan portal operativlik, dəqiqlik və analitik yanaşma prinsipləri ilə oxucu etimadını formalaşdırmağa nail olub.
Bu gün münasibətilə saytın fəaliyyəti, əldə olunan nəticələr və qarşıdakı hədəflərlə bağlı suallarımızı Konkret.az-ın rəhbəri Fadil Paşayevə ünvanladıq.
Fadil Paşayevlə müsahibəni təqdim edirik:
-Fadil bəy, Konkret.az-ın bu 7 ilini necə dəyərləndirərdiniz, nə qədər məhsuldar olub?
-Konkret.az-ın 7 ili, məncə, sadəcə bir zaman göstəricisi deyil, həm də formalaşma, inkişaf və etimad qazanma dövrüdür. Bu illər ərzində portal gündəmin nəbzini tutmağa, operativ və obyektiv informasiya təqdim etməyə çalışıb. Təbii ki, media sahəsində fəaliyyət göstərmək hər zaman çətinliklərlə müşayiət olunur. Bu çətinliklər fonunda səhvlərimiz də olub. Lakin bütün bu çətinliklərə baxmayaraq, Konkret.az öz oxucu auditoriyasını formalaşdırıb, cəmiyyətdə tanınan və izlənilən xəbər resurslarından birinə çevrilə bilib.
Mən hesab edirəm ki, məhsuldarlığı yalnız dərc olunan materialların sayı ilə ölçmək olmaz. Əsas göstəricilərdən biri oxucunun etimadı, ictimai müzakirələrə təsir etmək bacarığı və peşəkar jurnalistika prinsiplərinə sadiqlikdir. Bu baxımdan, ötən 7 il ərzində görülən işləri uğurlu hesab etmək olar.
Əlbəttə, media daim yenilənən bir sahədir və qarşıda daha böyük hədəflər var. İnanıram ki, Konkret.az bundan sonra da keyfiyyətli jurnalistikanı əsas prinsip kimi qoruyacaq, daha geniş auditoriyaya çatacaq və informasiya məkanında öz mövqeyimizi daha da möhkəmləndirəcəyik.
-Konkret.az-ı digər saytlardan hansı xüsusiyyəti fərqləndirir?
-Məncə, hər media orqanının özünəməxsus üslubu olur. Konkret.az-ı fərqləndirən əsas xüsusiyyət isə analitik materiallar və araşdırma yazılarına yeni baxışdır. Bu gün ölkədə xəbər portalları peşəkarcasına öz işini görür. Amma vacibdir ki, eksklüziv xəbərlərlə yanaşı, sosial şəbəkələrdə tüğyan edən dezinformasiyalara qarşı da sərt münasibət olsun. Bu baxımdan, əlimizdən gələni edirik ki, həmişə dəqiq və etibarlı informasiya təqdim edək, əsassız xəbərlərin müəyyən olunmasına nail olaq. Amma hərdən elə də olur ki, bəzi qurumlarla və mənbələrlə yaşadığımız problemlər səbəbindən xəbəri əhatəli verə bilmirik. Çünki biz həmişə çalışmışıq ki, operativliklə yanaşı xəbər və yazılarda dəqiqlik olsun.
Dediyim kimi, bizim fəaliyyətimizdə mövzu müxtəlifliyi əsas şərtlərdən biridir. Portal yalnız gündəlik xəbərlərlə kifayətlənməməlidir. Eyni zamanda analitik yazılar, müsahibələr, araşdırmalar və müəllif mövqeyi tələb edən materiallarla da oxucuya fərqli baxış bucağı təqdim etməlidir.
Düşünürəm ki, Konkret.az-ın qazandığı oxucu etimadı da məhz bu prinsiplərə sadiqliyin nəticəsidir. Biz özümüzü digər media qurumları ilə müqayisə etməkdən daha çox, hər gün dünənkindən daha keyfiyyətli iş görməyə çalışırıq. Mənim fikrimcə, medianın ən böyük üstünlüyü rəqabətdə kimisə geridə qoymaq deyil, oxucunun etimadını qazanmaq və onu qoruyub saxlamaqdır.
-Konkret.az Azərbaycan mediasına yenilik gətirə bilibmi?
-Media kimi fəaliyyət göstərən hər bir qurumun məqsədi təkcə xəbərləri çatdırmaq deyil, həm də informasiya məkanına öz töhfəsini verməkdir. Mən hesab edirəm ki, Konkret.az da bu istiqamətdə müəyyən yeniliklərə imza atmağı bacarıb.
Bu yenilikləri yalnız texniki və ya vizual dəyişikliklərlə məhdudlaşdırmaq düzgün olmaz. Əsas yenilik yanaşmadadır. Həmin yanaşmaya görə, məqsədimiz oxucuya sadəcə informasiya təqdim etmək deyil, həm də onu düşünməyə sövq edən, hadisələrin mahiyyətini anlamağa kömək edən məzmun yaratmaq olub.
Əlbəttə, media sahəsində güclü rəqabət də mövcuddur. Bu rəqabət Azərbaycan mediasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Fürsətdən istifadə edərək Medianın İnkişafı Agentliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, Azərbaycan mediasına öz dəstəyini göstərir. Düşünürəm ki, biz də bu baxımdan medianın inkişafı prosesinə öz töhfəmizi verə bilirik. Müəyyən nümunələr ortaya qoya və oxucuların etimadını qazana bilmişiksə, bu, Konkret.az-ın ən böyük uğurudur.
Ən vacib yenilik isə, məncə, daim yenilənmək istəyidir. Media sürətlə dəyişən bir sahədir və bu günün uğuru sabah üçün kifayət etmir. Ona görə də biz özümüzü inkişaf etdirməyi və yeni yanaşmalar tətbiq etməyi əsas prioritetlərdən biri hesab edirik.
-Qarşıdakı dönəmdə həyata keçirmək istədiyiniz hansı yeni planlar var?
-Media sürətlə dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq artıq seçim deyil, zərurətdir. Ona görə də qarşıdakı dövr üçün əsas məqsədimiz təkcə böyümək deyil, həm də keyfiyyət baxımından daha da güclənməkdir.
Planlarımız arasında analitik jurnalistikanın payını artırmaq, araşdırmaların sayını genişləndirmək, oxuculara daha dərin və faydalı məzmun təqdim etmək var. Eyni zamanda rəqəmsal platformalarda iştirakımızı gücləndirmək niyyətindəyik. Müasir oxucu xəbəri yalnız oxumaq deyil, onu müxtəlif formatlarda izləmək və dinləmək də istəyir. Biz də bu tələblərə uyğun inkişaf etməyi qarşıya məqsəd qoymuşuq.
Əsas hədəfimiz isə dəyişmir: konkret və doğru xəbərin ünvanı olmaq prinsiplərinə sadiqlik. İnanıram ki, bu prinsip Konkret.az-ı Azərbaycanın aparıcı media platformalarından biri kimi daha da inkişaf etdirəcək.
-Sayt media məkanında tutmaq istədiyi yerdədirmi?
-Hesab edirəm ki, Konkret.az bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan xəbər portallarından biridir. Yeddi il ərzində qazandığımız oxucu etimadı, formalaşdırdığımız auditoriya və peşəkar fəaliyyətimiz bunu deməyə əsas verir. Ancaq mən heç vaxt düşünmürəm ki, artıq çatmaq istədiyimiz nöqtədəyik.
Biz elə bir sferada fəaliyyət göstəririk ki, burada dayanmaq və son hədəf yoxdur. Hər gün yeni çağırışlar, yeni texnologiyalar və yeni oxucu tələbləri meydana çıxır. Buna görə də biz əldə etdiklərimizi uğur kimi qiymətləndirsək də, onları son nəticə hesab etmirik.
Mənim üçün ən vacib göstərici reytinqdən daha çox etimaddır. Oxucu xəbəri oxumaqla yanaşı, ona inanırsa, deməli, media öz missiyasını yerinə yetirir. Biz də məhz bu etimadı qorumağa və hər gün daha keyfiyyətli jurnalistika nümunələri ortaya qoymağa çalışırıq.
Ona görə də deyərdim ki, Konkret.az olmaq istədiyi yerə doğru inamla irəliləyir. Bu mənada qarşıda daha böyük hədəflərimiz var. Hesab edirəm ki, inkişaf edən media üçün ən doğru mövqe əldə olunanlarla kifayətlənməmək, daim yenilənmək və oxucunun etimadını hər gün yenidən qazanmağa çalışmaqdır.
Mənbə: modern.az
