Rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin müsbət dinamikasından məmnundur. İnanırıq ki, bu istiqamətdə daha çox iş görüləcək.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Xəbər agentliyi qeyd edib ki, Kostanyanın mövqeyini Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirdiyi görüş diktə edib.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam tənzimlənməsi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”, – Kostanyan bildirib.
O, Ermənistan və Türkiyə liderlərinin görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birinin mövqelərini başa düşməyə hazırdırlar.
Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb.
“Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır. Bütün lazımi infrastruktur və texniki hazırlıqları tamamladıq və sazişin icrasına başlamağa hazırıq”, – deyə Ermənistan nazirinin müavini bildirib.
Kostanyan gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu deyib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək. “Biz bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir və Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”, – deyə o əlavə edib.
Günel Mikayılova,
KONKRET.az