“The New York Times” qəzetinin jurnalistləri Meqqi Haberman və Conatan Svonun yeni işıq üzü görən “Rejim dəyişikliyi: Donald Trampın imperiya prezidentliyinin daxilində” adlı kitabında ABŞ prezidenti haqqında maraqlı məqamlar yer alıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kitabda Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə baş tutan gərgin müzakirələrinə baxışı təsvir edilib. Müəlliflərin iddiasına görə, Tramp bu hadisənin yaratdığı media rezonansından olduqca məmnun qalıb. O, Zelenski ilə olan sərt dialoqunu “əla televiziya” adlandıraraq, onun reytinq potensialına görə hətta özünün məşhur “Kandidat” (The Apprentice) realiti-şousundan daha təsirli olduğunu bildirib.
Kitabda diqqət çəkən digər bir məqam isə Trampın Ukraynaya olan şəxsi münasibəti ilə bağlıdır. İddia edilir ki, Ağ Evdə keçirilən görüşlərdən birində o, Ukrayna ilə bağlı fikirlərini özünəməxsus tərzdə ifadə edib: “Mən Ukraynanın böyük pərəstişkarı deyiləm. Onların qadınları istisna olmaqla. Onlar daim “Miss Kainat” gözəllik müsabiqəsində qalib gəlirlər”.
Bu açıqlamalar Trampın şəxsi ünsiyyət tərzini və diplomatik protokollara qeyri-ənənəvi yanaşmasını bir daha gündəmə gətirib. Kitabda yer alan bu detallar həm ABŞ-Ukrayna münasibətlərinin perdearxası məqamlarını, həm də Trampın siyasəti bir növ media şousu kimi qiymətləndirmə tərzini əks etdirir.
Natiq Səlim,
KONKRET.az
