ABŞ prezidenti Donald Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirmək niyyətində olduğu və bu ölkənin böyük neft ehtiyatlarını (təxminən 40 trilyon dollar dəyərində) hədəf aldığı barədə yayılan məlumatlar cari ilin may ayında beynəlxalq mediada geniş rezonans doğurub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “Fox News”a verdiyi müsahibəsində bu məsələni “ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib. O, həmçinin özünün “Truth Social” platformasında Venesuelanın ABŞ bayrağı ilə təsvir olunduğu və “51-ci ştat” qeydi olan bir xəritə paylaşaraq, bu mövzuda ictimai müzakirələri daha da alovlandırıb.
Bu təşəbbüs beynəlxalq səviyyədə ciddi etirazla qarşılanıb. Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriges bu fikirləri qətiyyətlə rədd edərək, ölkəsinin heç vaxt müstəqilliyindən və suverenliyindən imtina etməyəcəyini, Venesuelanın heç bir halda ABŞ-nin koloniyası və ya ştatı olmayacağını bəyan edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar ayında ABŞ-nin hərbi əməliyyatı nəticəsində sabiq prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması və saxlanılaraq ABŞ-yə aparılması iki ölkə arasındakı münasibətləri tamamilə dəyişib. Hazırkı rəhbərliklə ABŞ arasında neft və mədənçilik sahələrində əməkdaşlıq başlasa da, rəsmi Karakas Vaşinqtonun “statlıq” ideyasını öz müstəqillik tarixinə və qəhrəmanlarına hörmətsizlik kimi qiymətləndirir. Siyasi analitiklər isə Trampın bu açıqlamalarını onun özünəməxsus imperialist xarici siyasət yanaşması və enerji resurslarına nəzarət etmək arzusu kimi şərh edirlər.
Natiq Səlim,
KONKRET.az
