Hazırda Qida Təhlükəsizliyi Agentliyi heyvan mənşəli qida məhsullarının istifadəsinin qida zəncirinin yüksək risk dərəcəsinə malik olduğunu nəzərə alaraq, ət kəsimi məntəqələrinin ən yüksək standartlara cavab verməsi üçün müvafiq tədbirlər həyata keçirir. Agentlik bununla bağlı keçirilən reydləri də belə əsaslandırır ki, ət kəsimi məntəqələri qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun fəaliyyət göstərməlidir. Amma redaksiyamıza daxil olan bir məktubda bu istiqamətdə həyata keçirilən işlərin heç də ürəkaçan olmadığı vurğulanır, əksinə mərkəzləşdirilmiş ət kəsimi məntəqələrində daha antisanitar və nəzarətsiz vəziyyətin hökm sürdüyü bildirilir.
Həmin məktubun izi ilə Sumqayıtın bir neçə mal bazarında olduq.
Sumqayıtın 41-ci kvartalının yaxınlığında yaradılan ət kəsimi məntəqəsində gördüklərimiz bizi dəhşət gətirdi. Fakt odur ki, burada nəinki səliqə-səhman yaradılıb, əksinə, sanitar-gigiyenik tələblər kobud şəkildə pozulur. Kəskin üfunət, heyvanların bir-birinin gözləri önündə kəsilməsi, heç bir laborator müayinə aparılmadan həkim möhürünün vurulması, məntəqənin vaxtaşırı təmizlənməməsi “murdarxana” təsiri bağışlayır. Apardığımız müşahidələr göstərdi ki, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq müayinələrindən də keçmir. Belə ki, məntəqədə müvafiq baytarlıq, sanitar-ekspertiza laboratoriyaları təşkil olunsa da, fəaliyyəti yox dərəcəsindədir. Nəhayət, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır ki, bu qaydalara da ciddi şəkildə riayət olunmur.
Məntəqədə hömsöhbət olduğumuz sahibkarların bir neçəsi bu vəziyyətdən narazılıqlarını ifadə edərək özlərinin kiçik satış məntəqələrində daha səliqəli və təmiz kəsim məntəqələrinin olduğunu bildirdilər. Və əlavə etdilər ki, bu cür antisanitar məntəqələrdə ət kəsimi etdirməklə əlavə ödənişlər – ”möhür pulu”, kəsim xərcləri, daşınma və digər xərclərlə iş adamlarını boğaza yığıblar. Sahibkarların fikrincə, ət kəsimi məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində tələblər düzgün yerinə yetirilmir, böyük qəsəbələrdə yeni məntəqələrin yaradılması tələbi isə absurddur. Çünki bunun üçün böyük vəsait lazımdır, yerli strukturlardan isə heç bir dəstək yoxdur. Əksinə bu iş də sahibkarların öz üzərilərinə atılır.
Maraqlıdır ki, Qida Təhlükəsizliyi Agentliyi sahibkarları mərkəzləşdirilmiş ət kəsimi məntəqələrinə yönəltsə də,
mövcud normalara əməl olunmasına ciddi nəzarət etmir, ya da belə mənzərələri görməzdən gəlir. Agentlik küçə və meydançalardan qeyri-qanuni ət kəsimini yığışdırır, amma əhalinin sağlamlığına təhlükə törədən digər hallara göz yumur.
Konkret.az

