Evakuator xidməti bərpa olunur – kütləvi daşıma da, kütləvi cərimə də, kütləvi narazılıq da…backend

Evakuator xidməti bərpa olunur -  kütləvi daşıma da, kütləvi cərimə də, kütləvi narazılıq da...

 

Bir neçə il öncə paytaxtda sürücülərin başının bəlası olan, sonra artan şikayətlərin, mətbuatda gedən çoxsaylı tənqidi yazıların nəticəsində ləğv edilən “evakuator xidməti” yenidən bərpa edilir.

Bu dəfə bu “müftə pul dağarcığı”nın sahibi artıq yol polisi deyil, Bakı Nəqliyyat Agentliyidir.

İndiyədək yol və küçələrin kənarında saxlayan sürücüləri cərimələyən, hətta çox vaxt magistralın sağında, dayanacaqda saxlayıb adam düşürdən avtomobil sahiblərini də 20 manat məbləğində cərimə edən BNA indi “evakuator işi”nə girişib.

Görünür, bu daha sərfəli və mənfəəttlidir. Çünki bir var, qayda pozan sürücünü 20 manat cərimələyələr, bir də var 40 manat. Bu 40 manatın 20 manatı dayanma-durma qaydasının pozulmasına görədirsə, digər 20 manat evakuatorda daşıma haqqıdır. Avtomobilin saxlandığı yerdən cərimə meydançasına qədər olan 1-2 (ən uzağı 3) kilometrlik yola görə niyə Ələt-Zirə arasınının yol haqqı ola biləcək qədər vəsait alınır – bu da başqa bir müəmmadır.

Bu, sırf kimlərinsə cibinin doldurulmasına xidmət edən “islahat”dır. Qayda pozan avtomobillərin hamısının cərimə meydançasına aparılmasına ehtiyac yoxdur. Arxa küçələrdən birində saxlanılmış avtomobil heç də paytaxtın əsas yollarındakı nəqliyyat axışına mane olmur. Sürücü avtomobilinə yaxınlaşıb 20 manat məbləğində cərimələndiyini gördükdən sonra bir daha o cür “həyati səhv” buraxmayacaq. Yol kənarında 5-10 dəqiqə dayanıb aptekdən dərman alan və xəstə yanına tələsən sürücülərin geriyə qayıtdığı vaxt avtomobilini yerində görmədikdə keçirdiyi əsəb sarsıntısını təsəvvür etmək lazımdır.

Bundan əvvəl poliklinika və xəstəxanaların yanında pusquda duran “evakuatorçu”lar tibb müəssisələrinə xəstə gətirən sürücülərin avtomobillərini cərimə meydançasına daşıyaraq, pul, söyüş və qarğış qazanırdılar. İndi BNA-da bu işə baxanlar onları əvəz edəcək.

Bəzi tamahkar və acgöz insanların beyni yatmır. Onlar gecə-gündüz ölkə insanının cibinə necə girməyi, necə pul çıxarmağı düşünür və… tapırlar.

Evakuator xidmətinin bərpası bu məqsədə xidmət edir. Başqa heç nəyə.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*