“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi”backend

“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi

“İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zuğulbada tanış olmuşduq. Eks-spiker Oqtay Əsədovun qayınanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zuğulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın, mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz”.

KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib.

“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin (Tarix Əliyev – red.) ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə, deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları”, – deyə Fatma xanım bildirib.

Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib.

“Deyirdi ki, Fatya, mən dünyadan gedəcəyəm, o ev-eşiyi keçirəcəyəm sənin adına. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! Cümə günü getməli idik notariusa. Amma 2-ci gün dünyasını dəyişdi. Mən nə edirəm var-dövləti?! Ona görə ağlamıram ki… Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddirlər”, – deyə o bildirib.

Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb:

“Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kim idi… Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, “bəsdirin də, bunu öldürmək istəyirsiniz?” Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Qadın stres yaşadı. Gecəni bir təhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili tibbi yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım maşını gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi. 14-cü mərtəbədə elə qışqırdım ki… Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*