Türkiyə Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Baş İdarəsinin rəhbəri Ərdoğan Öz bədənə yapışan gənəyə çılpaq əllə toxunmamaq barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, Krım-Konqo Qanamalı Qızdırması (KKQ) gənə dişləməsi və gənə ilə təmas yolu ilə yayılan təhlükəli xəstəliklərdən biridir. Xəstəlik həmçinin yoluxmuş insanların və ya heyvanların qanı və bədən mayeləri ilə təmas nəticəsində də keçə bilər.
Ərdoğan Öz qeyd edib ki, gənələr daha çox kənd yerlərində, otlu və kolluq ərazilərdə, meşə kənarlarında, əkin sahələrində, bağlarda və piknik məkanlarında yayılır. Heyvanların olduğu ərazilərdə gənə ilə qarşılaşma riski daha yüksəkdir.
Mütəxəssis bildirib ki, gənə bədənə yapışdıqda panikaya düşmək lazım deyil. Onun sözlərinə görə, gənəni çıxararkən əsas qayda çılpaq əllə toxunmamaqdır. Gənənin nazik uclu pinsetlə dərinin ən yaxın hissəsindən ehtiyatla tutularaq çıxarılması tövsiyə olunur.
O vurğulayıb ki, gənəni sıxmaq, əzmək və ya parçalamaq olmaz. Həmçinin gənənin üzərinə kolonya, spirt, kerosin tökmək, siqaret, kibrit və ya digər üsullardan istifadə etmək düzgün deyil.
Ərdoğan kənddən,bağdan, tarladan və piknik yerlərindən qayıtdıqdan sonra bədənin diqqətlə yoxlanılmasını tövsiyə edib. Xüsusilə qulaq arxası, qoltuqaltı, qasıq nahiyəsi, diz arxası və saçlı dəridə gənə olub-olmamasına baxılmalıdır.
O bildirib ki, uşaqlar da eyni qaydada yoxlanılmalıdır. Gənə çıxarıldıqdan sonra 10 gün ərzində qızdırma, halsızlıq, iştahsızlıq, əzələ və baş ağrısı, ishal, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazımdır.
Mütəxəssis gənə riski olan ərazilərə gedərkən bədəni örtən geyimlərdən istifadə etməyin və ehtiyat tədbirlərinə əməl etməyin vacib olduğunu bildirib.\\demokrat.az
