Fərhad Bədəlbəyli iki aydır tələbələrin təqaüdünü vermir – ƏTRAFLIbackend

Fərhad Bədəlbəyli iki aydır tələbələrin təqaüdünü vermir - ƏTRAFLI

Bakı Musiqi Akademiyasının tələbələri təqaüdə həsrət qalıb – nəyə görə Azərbaycan Prezidentinin artırdığı vasait tələbələrə indiyədək verilmir?!

Fevralın başa çatmasına bir həftə qalıb. Amma indiyədək Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələrinə yanvar ayının təqaüdü verilməyib. Üstəlik, belə getsə, BMA-nın tələbələrə fevral ayı üçün də borcu yaranacaq.

Sosial şəbəkənin Azərbaycan Universitetləri və Azərbaycan Tələbələri səhifələrində yayılan xəbərlərdən də görünür ki, Bakı Musiqi Akademiyasının tələbələri bu  durumdan çox narazıdırlar.

KONKRET.az həmin fikirləri olduğu kimi təqdim edir:

“Salam, sizə Bakı Musiqi Akademiyasının tələbələri adından yazıb xahiş edirik ki, bizim yanvar ayının təqaüdünü versinlər. Digər bütün universitetlər artıq dövlətin təyin etdiyi artımla təqaüdü verib, bizim universitetdə isə həmişə stipendiyanın gec verilməsi problemi var. Müəssisə ilə əlaqə saxlayırıq, bildirirlər ki, mart ayının axırı, apreldə veriləcək. Bu, nə dərəcədə düzgündür?

İllik təhsil haqlarını bir az gecikdirəndə “İmtahanlara buraxılmayaqsınız” deyirlər. Ancaq haqqımızı vermirlər.

Ölkədə hər şeyin qiyməti bu qədər artıb, yol pulları, yemək və sair. Amma biz haqqımız olanı ala bilmirik. Anlamırlar ki, ehtiyacı var tələbələrin. Heç kəs kefi üçün tələb etmir o pulu. Ehtiyac var, ona görədir. Zəhmət olmasa bu məsələni işıqlandırardınız.

Bakı Musiqi Akademiyasının tələbələri adından xahiş edirik ki, bu məsələni tez bir zamanda həll edin, digər universitetlər artımla verir təqaüdü, bizdə, ümumiyyətlə, artımla veriləcək ya yox, bu barədə belə məlumat yoxdur”, – deyə tələbələrdən biri Azərbaycan Universitetləri səhifəsində yazıb.

“Salam. Bəzi universitetlər də daxil olmaqla Bakı Musiqi Akademiyası da yanvar ayının təqaüdünü ödəmir. Bilmirəm hara şikayət edək? Deyirlər martda veriləcək. Tələbə iki ayı nə etsin? Necə dolansın? Tələbənin haqqıdır bu pul. Niyə iki ay gecikdirirlər. Bu qədər də haqsızlıq olmaz da”, – deyə Azərbaycan Tələbələri səhifəsində başqa tələbə yazıb.

Musiqiçilərin təbirincə desək, internetdə kiçik “gəzişmə” dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan BMA-da bu xoşagəlməz “ənənə”nin çoxdan mövcud olduğunu göstərir. Məsələn, 25 oktyabr 2016-cı il tarixində yayılan xəbərdə deyilir: “…iki aydır ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təqaüdü verilmir. Tələbələrin sözlərinə görə, məsələ ilə bağlı rəhbərliyə müraciət olunsa da, heç bir müsbət cavab verilməyib. Əksinə, Bakı Musiqi Akademiyasından tələbələrə təqaüdlərini ilin sonunda ala biləcəklərini deyiblər. Bakı Musiqi Akademiyasının rektoru xalq artisti Fərhad Bədəlbəylinin köməkçisi Aida xanım bildirib ki, tələbələrin təqaüdünün vaxtında verilməməsinə səbəb hesabın açılmamasıdır: “Mən bu məsələ ilə bağlı mühasibatlıqla maraqlandım. Oradan mənə bildirdilər ki, noyabrın 5-dən sonra tələbələr sentyabr və oktyabr aylarının təqaüdlərini bir yerdə alacaqlar”. (AzNews.az)

Yeri gəlmişkən, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasının 1.5. maddəsində deyilir ki, “Təqaüd ayda bir dəfə ödənilir. Bu Qayda tələbələrə təqaüdü ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş müddətdə almaq imkanı verir”.

BMA-nın Nizamnaməsinin 3.7. bəndində deyilir ki, “BMA-da əyani forma üzrə dövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericilikdə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən adlı təqaüdlər) və yardımlar verilir”.

Bu sənədin 6.2. bəndində bildirilir ki, təhsilalanlar sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, fiziki və psiхi zorakılığın bütün növlərindən, hüquqa zidd, insan ləyaqəti və şərəfini alçaldan hərəkətlərdən müdafiə olunmaq hüquqlarına malikdirlər.

Bəs təqaüdlərin gecikdirilməsi, 3 ay sonra ödəniləcəyi barədə xəbərin yayılması tələbələrin hüquqlarına zidd deyil? Bu məqam tələbələrin insan ləyaqətini və şərəfini alçaldan hərəkət deyilmi?

Axı Nizamnamənin 5.4. bəndində göstərilir ki, məhz rektor “BMA-nın elm, təlim, tədris, tədqiqat, istehsal, maliyyə, təsərrüfat və digər fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır”.

Maraqlıdır, tələbələrə təqaüdün iki ay gecikdirilməsi rektorun sadalanan məsuliyyətlərdən biri deyilmi?

Nizamnamənin 7.3. maddəsində bildirilir ki, BMA dövlət vəsaiti, ödənişli təhsildən əldə olunan vəsait və müxtəlif qrantlar hesabına maliyyələşdirilir. Deməli, BMA özəl müəssisə deyil və bu təhsil ocağı BMA-nın rəhbərliyinin şəxsi büdcəsi hesabına maliyyələşmir.

Sual olunur, kim sizə təqaüdü kefiniz istədiyi vaxtda tələbələrə ödəməyə ixtiyar verib?! Bu ölkədə qanun və qayda o qədər korşalıb ki, vaxtilə Üzeyir bəyin təqaüdü yaşayışına çatmayan tələbələrinə pianino, geyim və pul bağışladığı, xeyirxahlıq mücəssəməsinə çevirdiyi ali təhsil ocağında bu cür özbaşınalıq və hoqqabazlıq hökm sürür?!

Dövlətin büdcəsindən tələbələrə ayrılan təqaüdün gecikdirilməsinə görə kim cəzalandırılmalıdır? Axı cəmiyyətdə bütün narazılıqlar məhz belə kiçik qığılcımlardan yaranır. Buna lüzum varmı?!

Səid CƏFƏROĞLU,

KONKRET.az

P.S. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ziyalılarla 1 mart 2019-cu il tarixli görüşü zamanı məhz BMA rektoru Fərhad Bədəlbəyli xalq artisti Zeynəb Xanlarovanın “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” fikrinə sərt etiraz etmişdi. Hətta buna görə bir neçə gün ərzində medianın qəhrəmanına çevrilmişdi. “Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm”, – demişdi o zaman Fərhad Bədəlbəyli.

Atalarımız yaxşı deyiblər: “özgənin gözündə tük axtarır, öz gözündə tiri görmür”. Rektor rəhbərlik etdiyi BMA-nın adi təqaüd dərdini çözə bilmir. İndi tələbələr nə etsinlər, Abxaziyadan gələn bəstəkarın durumuna düşsünlər?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*