Fransa NATO-ya xəyanət edir – Paris regionda yeni müharibə planlaşdırırbackend

Fransa NATO-ya xəyanət edir – Paris regionda yeni müharibə planlaşdırır

Kanadanın “Geopolitical Monitor” nəşri Fransanın Cənubi Qafqazla bağlı siyasətinə həsr olunmuş məqalə dərc edib.

KONKRET.az məsələnin aktuallığını nəzərə alıb həmin məqaləni oxucuların diqqətinə çatdırır:

“Fransa Ermənistana “Thales GM 200” hava hücumundan müdafiə sistemi satmaq barədə razılığa gəlib. Bundan əlavə, iki ölkə arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, Paris gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemini İrəvana satacaq. Ermənistan isə artıq Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminə malikdir. Bununla bağlı 2015-ci ildə razılıq əldə olunub, 2016-cı ildə isə Ermənistan parlamenti sazişi ratifikasiya edib.

Məntiqli sual yaranır ki, NATO üzvü nə üçün Moskvanın rəhbərlik etdiyi KTMT üzvünə qabaqcıl texnologiya satır? Rusiyanın Ermənistanın hava hücumundan müdafiə sistemi üzərində nəzarəti imkan verəcək ki, Rusiya hərbçiləri bu texnologiyanı yaxından öyrənsin və bəlkə də onu dərindən mənimsəsin. Bu sistemin Ermənistanın müttəfiqi olan İranın əlinə keçmə ehtimalı da var. Digər tərəfdən Paris bir tərəfdən Ankara, digər tərəfdən isə Londonla rəqabətdədir.

Fransa və İngiltərə arasında diplomatik rəqabət

Fransa Böyük Britaniya ilə tarixi geosiyasi rəqabət aparır. İki ölkə arasındakı çəkişmə Cənubi Qafqaz regionuna qədər gəlib çatıb. Bir neçə qitədə şiddətli rəqabət aparan iki imperiya arasında qarşıdurmalar da olub. Bu ölkələr hazırda NATO-da müttəfiq olsalar da, Paris diplomatiyası ingilislərlə müqayisədə bir qədər kölgədə qalır.

1757-ci ildəki Plassey döyüşündə İngiltərə ordusu Şərqi Hindistanda fransızları sarsıdıcı məğlubiyyətə uğratmaqla Hindistan yarımadasında ingilislərin hökmranlığına yol açdı. 1759-cu ildə Kvebek döyüşü Yeni Fransanın sona çatması və İngiltərənin Şimali Amerikada hakimiyyətə gəlməsiylə nəticələndi. Cənub-Şərqi Asiyada hər iki güc ticarət və əraziyə nəzarət yolu ilə öz təsirlərini genişləndirməyə çalışırdı. İngilislər Sinqapur və Malayziyada qalalar qurur, fransızlar isə Hind-Çinə can atırdılar. Faşaud sindromu Fransanı İngiltərəyə qarşı çıxmağa məcbur edib. Bu sindrom Afrikada hökmranlıq üçün ingilislər və fransızlar arasında baş verən Faşoda hadisəsindən sonra adlandırılıb.

Parisin İrəvanın işlərinə qarışması da Faşoda sindromunun təzahürüdür. İngiltərənin Cənubi Qafqazdakı güclü iqtisadi və siyasi təsirini arxada qoya bilməyən fransızlar Ermənistanda öz varlıqlarını yaratmağa çalışırlar. Rəsmi İrəvan isə əksinə, inanmaq istəyir ki, Parisin bölgədəki niyyəti Londonla strateji rəqabət deyil, səmimi narahatlıqdan irəli gəlir.

Fransa-Türkiyə diplomatik rəqabəti

16-19-cu əsrlərdə Osmanlı İmperiyası və Fransa Aralıq dənizində hakim güclər idi. Onlar əvvəlcə ümumi düşmənlərə qarşı ittifaq qurdular, lakin zaman keçdikcə Parisin müstəmləkəçilik ambisiyaları Şimali Afrika və Şərqi Aralıq dənizindəki Osmanlı maraqları ilə toqquşmağa başladı.

19-cu əsrdə Osmanlı İmperiyasının zəifləməsi Fransanın qitədə müstəmləkəçiliyinin artmasına səbəb oldu. Bunun nəticəsində 1830-cu ildə Əlcəzair,1881-ci ildə Tunis,1912-ci ildə isə Mərakeş Fransanın müstəmləkəsinə çevrildi. 1916-cı ildə Sayks-Piko müqaviləsi Osmanlının nəzarətində olan Yaxın Şərqin böyük hissəsini İngiltərə və Fransa arasında bölüşdürdü. Paris müasir Livan və Suriya ərazilərinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi. Türkiyə bir zamanlar Osmanlı İmperiyasının bir hissəsi olan bölgələrdə öz təsirini bərpa etməyə çalışdığı üçün son illərdə geosiyasi mənzərə dəyişib.

Fransa isə Aralıq dənizi və Şimali Afrikada əhəmiyyətli siyasi və iqtisadi maraqlarını qoruyub-saxlamaqda davam edir. Onun Ermənistandakı hərəkətləri Türkiyəyə qarşı çoxdankı düşmənçiliyin bir hissəsidir.
İndi fransızlarla türklər arasındakı ziddiyyətlərin tarixi əsasına iqtisadi ünsür də əlavə edilib. Bu, onların enerji inkişaf strategiyalarında qarşılıqlı qarşıdurmasıdır. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazı Türkiyə əleyhinə kampaniyalar siyahısına əlavə etməyin yolunu tapıb. Və bunun üçün enerji investisiyalarından çox hərbi təchizatdan istifadə edir.

Fransanın Ermənistanla təhlükəsizlik əlaqələrini gücləndirməsi NATO və Aİ-nin siyasi kursu ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. İrəvanın Moskvanın maraq dairəsini tərk edə biləcəyi fikri son vaxtlar müəyyən qədər populyarlıq qazanıb. Halbuki Ermənistan KTMT-nin yaradıcılarından biridir. Baş nazir Nikol Paşinyanın 2023-cü ilin noyabrında keçirilən KTMT sammitində iştirak etməməsinə baxmayaraq, İrəvan təşkilatdan çıxmaq üçün heç bir hüquqi prosesə başlamayıb.

Əgər Ermənistan doğrudan da Qərbə yönəlmək istəyirsə, o zaman Rusiya və İranla münasibətləri kəsməli olacaq. Həqiqətən də İrəvanın Moskva ilə münasibətləri otuz il ərzində möhkəmlənib və çətin ki Rusiya müttəfiqini asanlıqla əldən versin. Bu əlaqələrə iqtisadi asılılıq, eləcə də Rusiyanın dövlət şirkətlərinin Ermənistan iqtisadiyyatında, xüsusən də nəqliyyat, enerji və bank sektorunda üstünlük təşkil etməsi daxildir. Bəzi Qərb müşahidəçiləri Ermənistanın NATO və Aİ-yə üzv ola biləcəyini ehtimal edirlər. Bu baxımdan 3000 rus əsgərinin olduğu Gümrüdəki Rusiya hərbi bazası, eləcə də İrəvanın mərkəzindən 5 mil aralıda yerləşən Erebuni hava limanında hücum helikopterləri olan hava bazası nəzərə alınmır.

Üstəlik, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi ilə bağlı müqavilə 2044-cü ilə qədər qüvvədədir və onun şərtlərinə görə, tərəflərdən heç birinin ondan birtərəfli qaydada imtina etmək hüququ yoxdur.

Nəticə

Fransanın Ermənistana son hərbi tədarükləri əzəli diplomatik rəqiblər – Türkiyə və Böyük Britaniyaya qarşı təxribata yönəlib. İrəvanda dayaq yeri olan Paris Ermənistan-Azərbaycan barışığına da mane olmağa çalışır. Bu, beynəlxalq münasibətlər üzrə ekspert Pyer Asnerin bir vaxtlar mənə izah etdiyi ənənəvi fransız diplomatiyasının ruhuna tam uyğundur: “Fransa görəndə ki, başqa ölkələr öz aralarında qarşılıqlı əməkdaşlığa can atır, maneələr yaratmağın yollarını axtarır. Fransa onlardan birinə yaxınlaşa, eyni zamanda digərindən uzaqlaşa bilər”.

Xatırladaq ki, məqalənin müəllifi, kanadalı Robert Katler Avrasiya və Avropa enerjisi, beynəlxalq təhlükəsizlik üzrə ekspertdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*