General rütbəsi alsa da, bunu daşımaq ona nəsib olmadı – Bəşir İmanovun HƏYATI – FOTObackend

General rütbəsi alsa da, bunu daşımaq ona nəsib olmadı - Bəşir İmanovun HƏYATI - FOTO

Daim özünün qəhrəmanları ilə fəxr edən Azərbaycan bu gün də bu ənənələrinə sadiqdir. Çünki zaman-zaman yadelli işğallara məruz qalan məmləkətimizin dilbər guşələri məhz igidlərimizin qanı və canı bahasına müdafiə olunub.

Keçən əsrin əvvələrində Azərbaycanda yüksək vəzifə tutan insanlar sözsüz Stalin xofu ilə yaşayırdılar. Erməni və bolşevik daşnaklar Azərbaycanın savadlı, ziyalı insanlarını heç bir səbəb göstərmədən güllələyirdilər. Bunun bir neçə səbəbi var idi, savadlı Azərbaycan ziyalıları və hərbçiləri erməni daşnaklarının həyata keçirmək istədikləri işğal planına zərər vurudular. Bu səbəbdən ermənilər o dövrdə yüksək vəzifə tutan insanları ləkələməklə sıradan çıxardırdılar. Elə söz açacağımız ziyalı, vətənpərvər eloğlumuz uzun illər daxili işlər orqanlarında çalışan polkovnik Bəşir İmanov da bir neçə dəfə bu repressiya maşınının caynağından qurtulmağı bacarıb.

Bəşir İmanov 1914-cü ildə Qarabağın ən böyük rayonlarından biri olan Füzuli rayonunda dünyaya gəlib. Kiçik yaşlarından həyatın bütün çətinliklərinə sinə gərən Bəşir İmanov erməni daşnaklarının Qarabağda apardığı amansız soyqırımın da şahidi olub. Hələ keçən əsrin əvvələrində Qarabağa sahib çıxmaq istəyən ermənilər müxtəlif yollarla bu əraziyə ermənilərin yerləşdirilməsinə çalışırdılar.

Bəşir İmanov böyük bir nəslin övladı idi. Bu nəslin igid oğulları da Qarabağda erməni daşnak ordularına qarşı savaşda iştirak edirdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşevik-daşnaklar ziyalılar və cəsur insanlara qarşı repressiyaya başladılar. Bu repressiya maşının çarmıxı altına minlərlə insan düşdü. Füzulidə də repressiya maşınını işə salan erməni-daşnaklar və bolşeviklər, bir çox ziyalıları və varlı insanları qolçomaq adı ilə sürgünə göndərir və yaxud sorğu-sualsız güllələyirdilər.

Bəşir İmanovun bir neçə yaxın qohumu da bu repressiyanın qurbanı oldu. Hərbçi olmaq istəyən Bəşir İmanov valideynlərinin təkidi ilə 1929-cu ildə doğulduğu rayonda yerləşən Pedaqoji məktəbə daxil olur. 1931-ci ildə Pedaqoji məktəbi əla qiymətlərlə başa vuraraq, təyinatla Horadiz orta məktəbində müəllimlik fəaliyyətinə başlayır.

Bəşir İmanov 1943-cü ildə Bakıda Dəmiryol Texnikumunu bitirdikdən sonra Hacılı stansiyasında işləməyə başlayır. Sonra təhsilini davam etdirmək üçün Tbilisi şəhərində Dəmiryol İnstitutuna daxil olur. İnstitutu bitirdikdən sonra o, Ələt-Naxçıvan dəmiryolu hissəsində rəis müavini təyin edilir.

1944-cü ildə “Qafqazın müdafiəsinə görə” medalı, 1945-ci ildə “Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, 1945-ci ildə “Əmək igidliyinə görə” medalı, 1948-ci ildə “Sovet Ordu və Donanmasının 30 illiyi” yubiley medalı ilə təltif edilir.

1948-ci ildən isə Bəşir İmanov polis orqanlarında çalışmağa başlayır. 1954-cü ildə “İctimai asayişin qorunmasında əla xidmət etməyə görə” medalı ilə təltif edilir. 1960-cı ildə Azərbaycan Dəmiryolları Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilir.

Polis orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov həmdə gənclərin hərbi xidmətə hazırlanmasına öz töhvəsini verirdi. Onun təkidi və köməkliyi ilə bir çox gənclərimiz o dövrdə azərbaycanlılar üçün əlçatmaz olan Ali hərbi məktəblərə göndərilir.

1961-ci ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, 1966-cı ildə “Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə təltif olunur.

Bəşir İmanov çalışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edir. Yüksək peşəkarlıq nümünəsi olan Bəşir İmanov hər zaman diqqət mərkəzində olur. Maraqlıdır ki, Bəşir İmanov general rütbəsi alsa da, bu rütbəni daşımaq ona nəsib olmur. 1969-cu ildə Bəşir İmanov ürək tutmasından vəfat edir.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*