Keşişlər uduzur, Paşinyan bu dəfə də “kəfəni yırtdı”backend

Keşişlər uduzur, Paşinyan bu dəfə də “kəfəni yırtdı”

“İndiki vəziyyətdə Baqrat-Köçaryan ittifaqının dirənişi iflasa uğrayacaq. 2018-ci ildə olduğu kimi Rusiya və Qərb  Ermənistandakı müxalifəti və hakimiyyəti baş-başa buraxıb”.

KONKRET.az-a açıqlamasında bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Ermənistanda keşiş Baqrat Qalstanyanın başlatdığı yürüş və aksiya daha çox sabiqlərin tədbiri kimi qəbul edilir.

“Bu aksiyanın “boz kardınalı” Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyandır. Aksiyada müxtəlif rütbəli zabitlər, xüsusilə də Ermənistan Baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırdığı, barələrində həbs cəzasının tətbiq edildiyi generallar iştirak edirlər. Nəzərə alsaq ki, həm eks-prezidentlər, həm də kilsə ilə Nikol Paşinyan arasında kəskin ziddiyyətlər var, aydın olur ki, bu, baş nazirdən əvəzçıxma aksiyasıdır”.

Mərkəzin rəhbəri hesab edir ki, hətta bu aksiya nəticəsində Koçaryan-keşiş dəstəsi niyyətinə çatsa belə, onların nə yenidən Azərbaycan torpaqlarını işğal etmək, nə də Qarabağda əvvəlki kimi fəaliyyət göstərməyə gücləri çatar. “Bunlar yalnız Azərbaycana münasibətdə ara qarışdıra bilərlər. Siyasi istiqamətləri isə Rusiyayönümlü olacaq və Rusiyanın maraqlarını ölkədə daha çox təmin edəcəklər”.

Ekspertin fikrincə, aksiya iştirakçılarının sayının getdikcə azalması, şüarların yeknəsəq olması, bəlli hədəfin olmaması, yalnız və yalnız Paşinyanın istefasını tələb edilməsi bu aksiyanın uğurla nəticələnəcəyinə şübhə yaradır:

“2018-ci ildə olduğu kimi həm Qərb, həm də Rusiya hadisələrə seyrçi mövqedən yanaşmağa üstünlük verir. İndiki proseslər onu göstərir ki, Koçaryan-keşişlər dəstəsi hələ ki üstünlük əldə edə bilmirlər. Odur ki, aksiyaların bir neçə gündən sonra sönəcəyi istisna olunmur”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*