Bundan sonra Ermənistana səfərə gələn rəsmi şəxslərin təhlükəsizliyini qorumaq üçün İrəvan silah idxal edəcək. Əslində, ərazisinə daxil olan hər hansı ölkə vətəndaşının təhlükəsizliyini lazımi qaydada qoruya bilməyən bir dövlətin belə qərar qəbul etməsi başa düşülən deyil. Suverenliyi yalnız kağız üzərində qalan Ermənistan rəsmi qonaqlarının təhlükəsizliyini qorumaq adı altında silah bazarına üz tutur. Bu silahlar alınmasa, nələr baş verəcək? Əslində heç nə. Bu günə kimi Ermənistana minlərlə rəsmi şəxs səfər edib və onların təhlükəsizliyi ilə bağlı ciddi hadisə baş verməyib. Bəs Ermənistan hökumətinin bu qərarının arxasında nə dayanır?
Növbəti məkrli planın ölkəyə gələcək rəsmi şəxslərin adı altında rəsmiləşdirməsi bir çox mətləblərə işarədir. Qərarda deyilir: “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi xarici təhlükəsizlik xidməti əməkdaşlarının şəxsi məlumatları, Ermənistan Respublikasına giriş və çıxış tarixləri, onların silahlarının sayı, növləri, nömrələri və kalibrləri haqqında məlumat aldıqdan dərhal sonra Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə məlumat verir.
İdxal edilən silahların miqdarı, növləri, sayı və kalibrləri ilə bağlı fikir ayrılığı yaranarsa, bu barədə dərhal Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi məlumatlandırılır, o da öz növbəsində dərhal səfər edən tərəfə məlumat verir.
Məsələdə Ermənistanın Müdafiə Nazirliyi də rol alır. Qərara əsasən, Müdafiə Nazirliyinin rəsmi icazəsi ilə göstərilən miqdarda, növdə, nömrələrdə və çapda silahlar gömrükdən keçirilir.
“Xüsusi dövlət mühafizəsi altına alınan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” qanunla mühafizə olunan obyektdə xarici təhlükəsizlik orqanları və nümayəndələri tərəfindən silahın daşınması Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarəti altında həyata keçirilir.
Görünür, öz qonaqlarını qorumaq adı altında silah bazarında aktivliyini artırmaq və yeni növ silah almaq planları quran Ermənistan beynəlxalq ictimaiyyətdə yeni imic formalaşdırmaq niyyətindədir.
Vəli Həsənov
KONKRET.az
