Azərbaycanda dağıdıcı zəlzələ GÖZLƏNİLİRMİ? – Seysmoloqdan CAVABbackend

Azərbaycanda dağıdıcı zəlzələ GÖZLƏNİLİRMİ? - Seysmoloqdan CAVAB

Minlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqları da gündəmə gətirib.

Bəs Venesuela ilə eyni seysmik qurşaqda yerləşən digər ölkələrdə də güclü zəlzələlər gözlənilirmi? Azərbaycanda seysmik vəziyyət necə qiymətləndirilir və belə bir risk nə dərəcədə realdır?

KONKRET.az xəbər verir ki, geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru, seysmoloq Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu hadisə digər ölkələrdə, o cümlədən Azərbaycanda yaxın günlərdə və ya aylarda güclü zəlzələnin mütləq baş verəcəyini göstərmir. Dünyada seysmik qurşaqlar çox geniş əraziləri əhatə etsə də, hər bir regionda baş verən güclü zəlzələ başqa regionda analoji hadisəni işə salan proses kimi qiymətləndirilmir. Bu, heç də ardıcıl deyil. Yəni, Venesuelada dağıdıcı zəlzələ baş verdisə, indi Azərbaycanda və ya Türkiyədə də analoji hadisənin olacağı anlamına gəlmir. Belə bir birbaşa bağlantı yoxdur; hər bir seysmik zonanın öz geodinamik xüsusiyyətləri və gərginlik rejimi mövcuddur.

Ümumiyyətlə, 2026-cı il dünyada seysmik və tektonik aktivliyin davam etdiyini göstərir. Azərbaycanda da həmçinin, ilin ilk altı ayını təhlil etsək, seysmik və tektonik şəraitin aktiv olduğunu görərik. Digər ölkələrlə müqayisədə bu aktivlik o dərəcədə intensiv olmasa da, proses davam edir. İntensivliyin nisbətən aşağı olması dərinliklərdə baş verən tektonik-geodinamik proseslərin sürəti ilə bağlıdır”.

Seysmoloqun sözlərinə görə, Azərbaycan Alp-Himalay seysmik qurşağının aktiv hissəsində yerləşir və buna görə də ölkəmizdə zəlzələlərin baş verməsi təbii geoloji prosesdir: “Ən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacı (Şamaxı, İsmayıllı, Qəbələ), Şəki-Zaqatala-Balakən zonası, Talış dağları, Quba-Xaçmaz bölgəsi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorudur. Bu ərazilərdə tarixən dağıdıcı zəlzələlər qeydə alınıb. Hazırda isə Azərbaycanda seysmik vəziyyət adi fon səviyyəsində qiymətləndirilir.

Müasir rəqəmsal seysmik stansiyalar şəbəkəsi vasitəsilə ölkə ərazisində baş verən zəif və orta güclü yeraltı təkanlar Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən fasiləsiz izlənilir. İndiyədək əldə olunan elmi məlumatlar yaxın zamanda ölkədə dağıdıcı zəlzələnin baş verəcəyini göstərən etibarlı əlamətlərin mövcudluğunu deməyə əsas vermir.

Hiss olunan zəlzələlər isə qaçılmazdır və 2026-cı ilin altı ayı da göstərir ki, maqnitudası 4 ilə 5.5 aralığında olan təkanların baş verməsi gözləniləndir”.

Seysmoloq vurğulayıb ki, müasir elm zəlzələlərin dəqiq vaxtını, yerini, ocağın dərinliyini və gücünü əvvəlcədən proqnozlaşdıra bilmir: “Bu, qeyri-mümkündür. Alimlər seysmoloji və tektonik amilləri nəzərə alaraq yalnız uzun və ortamüddətli seysmik təhlükəni qiymətləndirə, müəyyən ərazilərdə riskin yüksək olduğunu proqnozlaşdıra və tikinti normalarının buna uyğun tətbiqini tövsiyə edə bilərlər. Amma hadisənin dəqiq zamanını demək mümkün deyil.

Ona görə də Venesuelada baş vermiş faciə Azərbaycanda yaxın vaxtlarda oxşar zəlzələnin mütləq olacağı mənasına gəlmir və bu cür düşüncələr yanlışdır. Bununla belə, seysmik bölgədə yaşadığımız üçün binaların seysmik dayanıqlığının təmin edilməsi, daimi monitorinq sistemlərinin gücləndirilməsi və əhalinin zəlzələ zamanı davranış qaydalarını bilməsi risklərin azaldılmasının əsas şərtləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*