İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏKbackend

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumatda əmək müqaviləsinə xitam verilərkən işçilərə verilməli olan xəbərdarlıq müddətləri, müavinətlər və əlavə təminatlar izah olunub.

Belə ki, işçinin əmək stajı artdıqca xəbərdarlıq müddəti və işdənçıxarma zamanı ödənilən müavinətin məbləği də artır.

Bir ilədək əmək stajı olan işçilər azı 2 təqvim həftəsi, 1 ildən 5 ilədək stajı olanlar 4 həftə, 5 ildən 10 ilədək stajı olanlar 6 həftə, 10 ildən çox stajı olanlar isə 9 həftə əvvəlcədən rəsmi qaydada xəbərdar edilməlidirlər.

Bununla yanaşı, xəbərdarlıq müddəti ərzində işçiyə hər həftə əməkhaqqı saxlanılmaqla ən azı bir iş günü yeni iş axtarmaq üçün vaxt verilməlidir.

Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçiyə stajından asılı olaraq orta aylıq əməkhaqqının müəyyən misli həcmində işdənçıxarma müavinəti ödənilməlidir.

Bir ilədək stajı olanlara orta aylıq əməkhaqqının 1 misli, 1 ildən 5 ilədək stajı olanlara 1,4 misli, 5 ildən 10 ilədək stajı olanlara 1,7 misli, 10 ildən çox stajı olanlara isə 2 misli məbləğində müavinət verilməlidir.

Qanunvericiliyə görə, işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə ona müvafiq əməkhaqqı kompensasiyası da birdəfəlik ödənilə bilər. Bu halda ödənişin məbləği əmək stajına uyğun olaraq orta aylıq əməkhaqqının 0,5 mislindən 2 mislinədək dəyişir.

Bundan başqa, Əmək Məcəlləsində xüsusi hallarla əlaqədar əmək müqaviləsinə xitam verilərkən də əlavə təminatlar nəzərdə tutulub. Müəyyən hallarda işçiyə orta aylıq əməkhaqqının azı 2 və ya 3 misli, işçinin vəfatı ilə əlaqədar müqaviləyə xitam verildikdə isə onun vərəsələrinə azı 3 misli məbləğində müavinət ödənilir.

Qeyd edək ki, kollektiv müqavilələrdə və əmək müqavilələrində qanunvericilikdə göstərilən məbləğlərdən daha yüksək ödənişlərin nəzərdə tutulması mümkündür.

Əmək Məcəlləsinin 77-ci maddəsində digər əlavə təminatlar da əksini tapıb. İxtisarla işdən azad edilən və qanunda göstərilən xüsusi kateqoriyalara aid şəxslərin yeni peşə hazırlığına cəlb olunması işəgötürənin vəsaiti hesabına həyata keçirilir.

Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılan işçinin əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Hərbi xidmətdən buraxıldıqdan sonra isə o, ən geci 30 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququna malikdir.

Diplomatik xidmət əməkdaşlarının xaricdəki fəaliyyəti ilə əlaqədar dövlət sektorunda çalışan həyat yoldaşlarının da əvvəlki və ya ona bərabər vəzifəyə təyin olunması üçün təminat nəzərdə tutulub. Bununla bağlı müraciət diplomatik xidmət dövrü başa çatdıqdan sonra 60 təqvim günü ərzində edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*