Fərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydası dəyişib. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər artıq fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirə əsasən hesablanır.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişikliklə regionlar üzrə əvvəlki fərqləndirmə ləğv olunub. Belə ki, 2026-cı il yanvarın 1-dək sosial sığorta haqqı sahibkarın fəaliyyət göstərdiyi sahə və ərazidən asılı olaraq minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Bakı şəhərində bu göstərici 100 faiz, Sumqayıt və Gəncədə 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon mərkəzləri və qəsəbələrdə 60 faiz, kənd yerlərində isə 50 faiz təşkil edirdi.
Yeni hesablama qaydasında isə sosial sığorta haqqının minimum və maksimum hədləri müəyyənləşdirilib. Belə ki, aylıq ödəniş minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz. Hazırda minimum aylıq əməkhaqqı 400 manat olduğundan, fərdi sahibkarın ödəyəcəyi sosial sığorta haqqı ayda ən azı 60 manat, ən çoxu isə 400 manat təşkil edir.
Yeni qaydalara görə, hesablamada sahibkarın xərcləri nəzərə alınmır. Məsələn, fərdi sahibkarın aylıq gəliri 10 min manat, xərcləri isə 8 min manatdırsa, sosial sığorta haqqı 2 min manatlıq mənfəətə deyil, 10 min manatlıq ümumi gəlirə əsasən hesablanır. Bu halda ödəniş 200 manat olacaq.
Gəlirin az olduğu hallarda minimum hədd tətbiq edilir. Məsələn, aylıq gəliri 2 min manat olan sahibkar üçün 2 faizlə hesablanan məbləğ 40 manat olsa da, minimum həddə görə 60 manat sosial sığorta haqqı ödənilməlidir.
Gəlir yüksək olduqda isə maksimum hədd nəzərə alınır. Belə ki, aylıq gəliri 60 min manat olan fərdi sahibkar üçün 2 faizlə hesablanan sosial sığorta haqqı 1 200 manat etsə də, ödəniləcək məbləğ 400 manatla məhdudlaşır.
Beləliklə, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişləri dövriyyəyə uyğunlaşdırılıb, lakin minimum və maksimum məbləğlərlə məhdudlaşdırılıb.
