Yeni ilin ilk günlərində işğaldan azad edilən ərazilərə, xüsusilə Xankəndi şəhərinə insan axını müşahidə olunub.
KONKRET.az xəbər verir ki, Daşkəsən rayonunun Zivlən kəndindən olan Nizami Məmmədov Xankəndiyə Yeni il bayramını qeyd etmək məqsədilə gəldiyini deyib:
“Daşkəsən özünəməxsus təbiəti ilə seçilən rayonlardan biridir. Amma yeni ilin ilk günlərini Xankəndidə keçirməyi qərara aldım. Düşünürəm ki, Xankəndiyə gəlməyimiz və burada xoş anlar yaşamağımızla bu torpaqların azadlığı uğrunda canından keçmiş şəhidlərimizin də ruhu şad olur”.
N.Məmmədov 44 günlük Vətən müharibəsində iştirak etdiyini, döyüş yolunun Şuşaya qədər keçdiyini vurğulayıb:
“2020-ci ilin Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmişəm. O zaman Şuşadan Xankəndiyə tərəf baxdıqca ürəyimdə bir narahatlıq yaranırdı. Düşünürdüm ki, kaş qısa müddətdən sonra sərbəst şəkildə Xankəndiyə gedə biləydik. Çox sevinirəm ki, biz bu günü görürük”.
Yeni il tətilini Xankəndidə keçirən qonaqlar sırasında olan Akif Ağayev əslən Kəlbəcər rayonundan olduğunu söyləyib:
“Kəlbəcər işğal olunanda cəmi yeddi yaşım vardı. Ancaq o günləri çox yaxşı xatırlayıram. Vətən həsrəti ilə çox çətin günlər keçirmişik. Biz Azərbaycanın düşmən tapdağında olan ərazilərinin azadlığı üçün daim dualar edir və inanırdıq ki, o gün mütləq gələcək.
Fikrimcə, belə əlamətdar günlərin qeyd edilməsi üçün hamımızın müqəddəs saydığı torpaqlarımız ən uyğun seçimdir. Yeni ili Xankəndidə qarşılamaq xalqımızın haqqıdır”.
2025-ci ili ailəsi ilə birgə Xankəndidə qarşılayan Məhəmməd Alıyev deyib ki, Yeni ilin ilk günündən etibarən hər gün buraya gəlir:
“Bu xoş anları yaşamağımızın əsas səbəbkarı olan şəhidlərimizin ruhu qarşısında baş əyir, müqəddəs amal uğrunda sağlamlığını itirən hər bir soydaşımıza şəfa diləyirəm. Söz yox ki bütün bu nailiyyətlərin əldə edilməsi üçün müdrik və uzaqgörən siyasət yürüdülməlidir.
Cənab Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımız azad edildi. Bu qürur və sevinc dolu günlərin davamlı olması üçün hər birimiz bir vətəndaş olaraq ölkə başçısının ətrafında sıx birləşməli, həmrəyliyimizi daha da möhkəmləndirməliyik”. (Report)
KONKRET.az