İstanbulu qarışdıran fəlakət Bakıya da çatır? – Gözlənilən HAVAbackend

İstanbulu qarışdıran fəlakət Bakıya da çatır? – Gözlənilən HAVA

İstanbulda son 41 ilin ən yüksək yağıntı göstəricilərindən biri qeydə alınıb. Qonşu ölkədə müşahidə olunan bu vəziyyət Azərbaycanda, xüsusilə Bakıda da oxşar hadisələrin baş verməsi ehtimalı ilə bağlı suallar yaradır.

Bakının iqlim şəraitini və mövcud infrastrukturunu nəzərə alsaq, paytaxtda da bu cür güclü leysanların baş verməsi mümkündürmü? Belə yağıntılar hansı fəsadlara səbəb ola bilər və Bakı daşqın riskinə nə dərəcədə hazırdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, İstanbulda bəzi ərazilərdə hər kvadratmetrə 242 kq yağıntı düşüb:

“Azərbaycanda, xüsusilə Bakıda da oxşar vəziyyətin yaranması ehtimalı var. Yəni iqlim dəyişmələri fonunda qısa müddətdə intensiv yağıntıların düşməsi və bunun daşqınlara səbəb olması mümkündür. Buna görə də məsələyə yalnız hava şəraiti kimi deyil, şəhərsalma, infrastruktur və ekoloji təhlükəsizlik baxımından yanaşmaq lazımdır. Qısa müddət ərzində böyük həcmdə yağıntının düşməsi şəhərin drenaj və kanalizasiya sistemlərinə ciddi yük yarada bilər. Bakının relyefi, bəzi ərazilərdə torpağın suyu zəif qəbul etməsi, asfalt və beton örtüklərin geniş yayılması, eləcə də yağış sularının axıdılması sistemlərinin imkanları daşqın riskinə təsir edən əsas amillərdəndir. Yağıntının intensivliyi mövcud sistemlərin ötürmə qabiliyyətini aşdıqda küçə və prospektlərdə suyun toplanması, nəqliyyatın hərəkətinin məhdudlaşması, yeraltı keçidlərin və binaların zirzəmilərinin su altında qalması mümkündür”.

İB sədri bildirib ki, belə hadisələr təkcə nəqliyyat problemləri yaratmır:

“Güclü su axınları torpaq eroziyasına, tullantıların yağış suları ilə ətrafa yayılmasına, kanalizasiya sistemlərinin yüklənməsinə və müəyyən ərazilərdə elektrik təchizatı ilə bağlı təhlükələrə səbəb ola bilər. Xüsusilə yeraltı keçidlər, alçaq ərazilər, çay məcralarına yaxın sahələr və suyun təbii axınının qarşısı alınmış zonalar daha həssas hesab edilməlidir. Bakının daşqın riskinə nə dərəcədə hazırlıqlı olmasını yalnız yağış kollektorlarının və kanalizasiya xətlərinin mövcudluğu ilə əlaqələndirmək düzgün olmaz. Əsas məsələ həmin sistemlərin hansı həcmdə suyu qəbul edə bilməsi, intensiv yağıntılar zamanı necə işləməsi və riskli ərazilərdə suyun təhlükəsiz istiqamətə yönəldilməsinin təmin olunmasıdır”.

Ekoloq qeyd edib ki, Bakıda daşqın riskinin azaldılması üçün yağış sularının idarə olunması sistemlərinin mütəmadi təmizlənməsi lazımdır:

“Eyni zamanda, kollektorların, drenaj xətlərinin texniki vəziyyətinin qiymətləndirilməsi, suyun yığıldığı nöqtələrin xəritələşdirilməsi və zəruri infrastrukturun yenilənməsi vacibdir. Yeni tikinti layihələrində yağış sularının təbii axını nəzərə alınmalı, yaşıllıq sahələri və su keçirən səthlərin qorunmasına üstünlük verilməlidir. Güclü yağışlar zamanı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti, əhaliyə operativ xəbərdarlıq sistemləri və təhlükəli ərazilərdə nəqliyyatın vaxtında məhdudlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Çünki İstanbulda baş verən güclü yağıntılar Bakı üçün də qabaqlayıcı tədbirlərin vacibliyini göstərən bir nümunədir. 2026-2035-ci illər üçün Bakıda, Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının təsdiqlənməsi problemin həlli istiqamətində mühüm addımdır. Proqramın əsas məqsədlərindən biri intensiv yağıntılar zamanı daşqın riskini azaltmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*