Əhalisi az olan İslandiya kifayət qədər qapalı dövlətdir və heç vaxt mühacirlərin arzuladığı ölkə olmayıb. Təbii ki, ora köçmək olar, amma bunu istəyənlər çox azdır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ada ölkəsinə getmək çətin, əziyyətli və bahadır.
Buna görə də, islandiyalılar bu gün genetik mənada “təzə qan” axını ilə bağlı ciddi problemlər yaşayırlar.
Problem nədir?
Ölkənin əhalisi 370 min nəfərdən bir qədər çoxdur və onların hamısı bir-birini tanıyır. Əgər bir islandiyalı bütün ölkədə məşhur olmaq istəmirsə, ictimai yerlərdə maksimum ehtiyatlı davranmalıdır, əks halda adanın yarısı bir-iki gün ərzində onun hərəkətindən xəbər tutacaq.

Bəzi əcnəbilər islandiyalıları məsxərəyə qoyur, onlardan prezidentlərini şəxsən tanıyıb-tanımadıqlarını soruşurlar. Belə vəziyyətdə romantik münasibətlərdə də müəyyən çətinliklər yaranır. İslandiya sakinləri əsrlər boyu yalnız bir-biriləri ilə evləndiklərinə görə, ada əhalisinin çox hissəsini qohumlar təşkil edir.
Məsələn, əmiuşağı və ya əminəvəsi ilə evlənmək mümkün deyil, lakin sonrakı nəsil artıq yad hesab olunur. Belə ki, onlar münasibətlərin dərəcəsini yoxlamadan ilk görüşə getmirlər.
Qeyd edək ki, ölkədə hələ 2003-cü ildə yaradılmış “İslandiya kitabı” adlı xüsusi onlayn resurs var. Burada ölkənin bütün sakinləri və onların qohumluq əlaqələri haqqında məlumatlar var. Hər bir islandiyalı orada öz nəsil şəcərəsinə baxa və onun əcdadlarının kim olduğunu öyrənə bilər.

Belə ki, “İslandiya kitabı” tarixi sənədlərə, adanın məskunlaşmasına dair sübutlara əsaslanır. Bir çox mənbələrin yaşı yüz illərlədir, onlar bir yerə toplanıb, rəqəmsallaşdırılıb. İstənilən İslandiya vətəndaşı sayta daxil ola və şəxsi hesabı vasitəsilə öz ailə şəcərəsinə baxa bilər. Gənclər potensial partnyorlar haqqında məlumat əldə etmək üçün “İslandiya Kitabı”ndan fəal şəkildə istifadə edirlər. Bunun üçün sistemə ad və soyadı daxil etmək kifayətdir.

İqbal Rzayev,
KONKRET.az
