Ukraynaya hücum etmək üçün İran PUA-larının tədarükü fonunda Rusiya və İran arasında təhlükəli yaxınlıq İsraili getdikcə daha çox narahat edir.
KONKRET.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.
“Gördüyümüz işin bir hissəsi Rusiya ilə İran arasında yaranan çox təhlükəli yaxınlıq ilə bağlıdır. Bu, göz ardı edəcəyimiz və ya heç nə etməyəcəyimiz bir şey deyil. Ona görə də hər gün vəziyyəti nəzərdən keçirməli və cavab verməliyik”, – Lapid deyib.
Baş nazir bildirib ki, İsrail ABŞ ilə sıx məsləhətləşmələr aparır. O, bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də danışıb.
İsrailə Ukraynanı raketdən müdafiə sistemləri ilə təmin etməyə nə mane olur sualına Lapid cavab verib ki, o, iki tərəfi balanslaşdırır.
“Birincisi, biz Ukraynanın tərəfindəyik. Biz onları dəstəkləyirik.İndicə BMT-də səs verdik, dünyaya bildirdik ki, 4 rayonun ilhaqını heç vaxt qəbul etməyəcəyik. Biz hələ də dünyada yeganə ölkəyik ki, Ukraynada sahə xəstəxanası qurub”, – deyə o bildirib.
Digər bir məsələ İsrailin milli təhlükəsizlik maraqlarının davamlı şəkildə qorunmasını təmin etməkdir.
“Biz Ukraynanı fəal şəkildə dəstəkləyəcəyik və İsrailin milli təhlükəsizliyinin maraqlarını nəzərə alacağıq”, – o əlavə edib.
Lapid həmçinin bildirib ki, İranın pilotsuz təyyarələri və digər silahların Rusiyaya tədarükü 2015-ci ildə İranın nüvə sazişinə qayıdışın mümkün olmadığının bir daha sübutudur.
Xuraman Etibarlı,
KONKRET.az
