Kadırovun övladları “müharibə”dən atalarına “hədiyyə” gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkələrdə məlumat verib. Kadırov ona “ukraynalı əsirlər” olduğu iddia edilən üç nəfərlə yetkinlik yaşına çatmayan oğullarının evə qayıtmasının videosunu yayıb.
Kadırovun sözlərinə görə, 16 yaşlı Axmat, 15 yaşlı Əli və 14 yaşlı Adam “Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatda iştirakı zamanı zərərsizləşdirdikləri əsir götürülmüş üç hərbçini respublikaya təhvil veriblər”.
Videoda əlləri arxada bağlanmış və üzləri bağlı üç nəfərin yarı əyilmiş pozalarda Kadırovun qarşısında dayandığı görünür. Eyni zamanda, Kadırovun övladlarından biri əsirləri göstərərək “bu, hədiyyədir” deyir.
Sosial media istifadəçiləri Kadırovun övladlarının piar xatirinə şou yaratdıqlarını, onların Ukraynanın, yaxud Belarusun hansısa çöllüyündə tamaşa qurduqlarını, sonunda üç insanı atalarına alçaldıcı şəkildə “hədiyyə” etdiklərini bildirərək tənqid ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
