İctimaiyyətdə çörəyin qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Azərbaycanda buğda, un və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin 2027-ci il yanvarın 1-dən sonra uzadılmaması qiymət artımını gündəmə gətirir. Lakin əhalidə sözügedən müddətin uzadılacağı ilə bağlı gözlənti var.
Bəs Azərbaycanda unun, çörəyin qiymətində artım gözlənilirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, 2027-ci il yanvarın 1-dən taxıl və un məmulatlarına tətbiq edilən ƏDV güzəştinin müddəti başa çatır:
“Əgər güzəştin müddəti uzadılmasa, təbii ki, unun və çörək məhsullarının qiymətində artım olacaq. Məntiqlə, bu, belədir. Çünki əlavə vergi yaranacaq. Ona görə də ümid edirəm ki, bununla bağlı yeni qərar qəbul ediləcək və 2027-ci ildən sonra da ƏDV güzəştinin müddəti uzadılacaq. Ən azı 5 və ya 7 il müddətinə uzadılması daha yaxşı olardı”.
Qeyd edək ki, bununla belə, ictiamiyyətdə və ekspert dairələrində çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı müddətin uzadılacağı və bahalaşma olmayacağı fikri hakimdir.
