Mediaya dövlət dəstəyi: olanda da yara sağalmır, olmayanda da
463
Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. On ildən artıqdır ki, hər ilin bu günləri belə sərəncam imzalanır.
Sərəncamda göstərilir ki, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan KİV DDF-yə 1 milyon manat ayrılıb. Vəsait bu fondda bölünərək KİV qurumlarına paylanacaq.
Ölkədəki reallıq budur ki, heç bir qəzet indiki halda dövlət dəstəyi olmadan yaşaya bilməz. Çünki tirajlar azdır, reklamları qıtdır, yetərli deyil.
Əslində isə qəzetlər özlərini dolandırmalıdır və müstəqil olmalıdır.
Bu, paradoksal durum yaradır: Media müstəqil olanda dolana bilmir, yardımla dolanda da müstəqil ola bilmir.
Media özünü maliyyələşdirə bilmirsə, məhvə məhkumdur. Onu ya hansısa mesenat, ya da populyar media qurumuna ehtiyacı olan oliqarx maliyyələşdirməlidir.
Bu ölkədə təmənna güdmədən yüz minlərlə manat xərcləyən xeyriyyəçilər olmaddığına görə, bu ağırlıq oliqarxların üstündə qalır. Onların da sabahına etibar yoxdur. Bəzən onları gözlənilmədən vəzifədən götürürlər, yaxud da başqa, mənfəəti böyük olmayan işlərə keçirirlər. Belə olanda mesenat-nazir-oliqarxın ilk işi maliyyələşdirdiyi KİV qurumunu bağlamaq, jurnalistləri taleyin ümidinə buraxmaq olur.
Həm də bəzən dövlət rəhbərliyi iddialı oliqarxa media qurumu yaratmağı, ona rəhbərlik etməyi qadağan edir. Bu halda da əsas ziyanı mətbuat və jurnalistlər çəkir.
Ancaq media qurumlarına maliyyə dəstəyi dövlət tərəfindən olanda da başqa problem yaranır. Bu zaman “dövlət sifarişləri” də artır: “Səhiyyə problemlərini qabarmayın”; “Təhsildəki neqativliklərin üstünə getməyin”, “Xarici siyasətdəki uğurlarımız qeyd olunsun”, “Qarabağ məsələsində dövlət rəhbərliyinin siyasəti dəstəklənsin”, “Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan şəhid xəbəri verilməsin”; “Dükan-bazardakı bahalaşma mövzusundakı yazıları dayandırın” və sair və ilaxır.
Bu sifarişlər artdıqca artır və bir gün elə bir durum yaranır ki, dövlət dəstəyi alan media qurumları yazmağa mövzu tapmırlar.
Bəs mediaya dövlət dəstəyi olmasa, necə olar? Onda da o olar ki, yerdə qalan mövzularda da yazmaq üçün heç bir mətbuat orqanı qalmaz, hamısı bir-birinin ardınca bağlanıb gedər, Azərbaycan mediası yox olar.