Bir neçə gün öncə Rusiyanın ikinci ən böyük mobil operatoru olan MeqaFon şikəti Azərbaycanın işğal olunmuş ərazilərini xidmət sahəsinə əlavə edib. Şirkət separatçı rejimin idarəsi altında olan Azərbaycan ərazilərini xidmət xəritəsində “Dağlıq Qarabağ Respublikası” kimi göstərib. Bundan başqa, MeqaFon sözügedən ərazi vahidinin Azərbaycana aid olmadığını vurğulamaq üçün Azərbaycana və “Dağlıq Qarabağ”a fərqli danışıq tarifləri seçib.
Baş verənlərə ilk etiraz Rusiya Azərbaycanlıları İttifaqından gəlib. İttifaqın prezidenti, iş dünyasının tanınan isimlərindən Fizuli Məmmədovun adından yayılan açıqlamada MeqaFon şirkətinin bu addımı Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına yönələn təxribat kimi qiymətləndirib. Açıqlama Rusiya və Azərbaycan mediasında yayılandan bir neçə saat sonra MeqaFon şirkətinin təmsilçisi Fizuli Məmmədovun rəhbərlik etdiyi “İnter Server” şirkətlər qrupu ilə əlaqə saxlayaraq xəritəyə dəyişiklik edildiyini bildirib və yaranan duruma görə üzrxahlıq edib.
Bu haqda açıqlama verən Fizuli Məmmədov bildirir ki, hər hansı məsələ ilə bağlı real nəticə əldə edilməsi üçün ilk öncə birlik gərəkdir: ”Rusiya Azərbaycanlıları İttifaqı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı bu cür təxribata heç cür səssiz qala bilməzdi. Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarını işğalçı Ermənistan və Qarabağ separatçıları kimi “Dağlıq Qarabaq Respublikası” adlandırmaq biznes strukturu olan MeqaFon-un səbatsızlığı ilə yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə real kölgə salacaq addım idi. Biz məsələyə dərhal reaksiya verməklə həm Rusiya, həm də Azərbaycan icitmaiyyətinin diqqətini problemə yönəltdik və çox qısa zamanda yanlış qərarın dəyişdirilməsinə nail olduq. Artıq “MeqaFon”un xidmət xəritəsində sözügedən ərazi Qarabağ (Azərbaycan) kimi göstərilir. Ümid edirləm ki, ən qısa zamanda Qarabağın ayrıca ərazi kimi göstərilməsinə də ehtiyac qalmayacaq və biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edəcəyik. Rusiya azərbaycanlıları bu təxribatın qarşısını birlik nümayiş etdirərək ala bildi. Qısa zamanda həm paytxaxt Moskvada, həm regionlarda yaşayan soydaşlarımız Rusiya Azərbaycanlıları İttidaqına müraciət edərək məsələnin ictimailəşdirməsi istədilər, belə prinsipial məsələ ilə bağlı susmağı işğalçı tərəfə dəstək kimi qiymətləndirdiklərini dedilər”.
